Accessibility links

AŞPA-da Azərbaycanda jurnalistlərə qarşı təhdidlər müzakirə edilib


Aprelin 27-si AŞPA-nın yaz sessiyası çərçivəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusunda ictimai dinləmə təşkil edilib. AŞPA deputatlarının, Avropa Şurası və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda media azadlığının vəziyyəti, jurnalistlərin sərbəst və təhlükəsiz fəaliyyətinə dair problemlər səsləndirilib.

AŞPA-da Azərbaycanda jurnalistlərə qarşı təhdidlər müzakirə olunub
please wait

No media source currently available

0:00 0:03:37 0:00

Çıxış edənlər ölkədə tənqidi səslərin boğulmasına, məhdudlaşdırıcı qanunvericilik, o cümlədən yeni media qanununa, jurnalistlərə qarşı cinayətlərin cəzasız qalmasına, jurnalistlərin izlənilməsi və təqiblərə məruz qalmasına diqqət çəkiblər. Sərhədsiz Reportyorlar təşkilatının nümayəndəsi Janna Kavelye bəyan edib ki, Azərbaycanda plüralizmə və tənqidi səslərə qarşı amansız müharibə davam etdiyi üçün jurnalistika ən təhlükəli peşələrdən birinə çevrilib.

AbzasMedia saytının direktoru Ülvi Həsənli Azərbaycanda beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının mənfi rəy verdiyi Media haqqında yeni qanunun tətbiq edilməsinin doğurduğu problemlərdən danışıb.

“Azərbaycanda son 10 ildə jurnalistlərin həyatına olan təhlükələr, onların şəxsi həyatlarının videoya çəkilməsi, telefonlarının 24 saat dinlənilməsi, Pegasus proqramı, həbslər və son olaraq Media haqqında yeni qanun. Bu məsələlər ətrafında fikirlərimi bildirdim. Azərbaycanda vəziyyət getdikcə daha da ağırlaşır. Üç-beş il bundan əvvəl belə bir qanun yox idi, jurnalistləri həbs edirdilər. Yenə də həbs edilər və üstəlik daha ağır bir qanunu tətbiq etməyə başlayıblar. Hansı ki, bu qanun çərçivəsində biz hüquqi olaraq Azərbaycanda qadağan oluna bilərik, qeyri-qanuni elan oluna bilərik. Nəticədə biz kriminal hesab oluna, cərimələnə və ya həbs edilə bilərik”, Ülvi Həsənli bildirib.

Tədbirdən sonra Amerikanın Səsinə danışan jurnalist Arzu Qeybullayeva ölkədə söz və mətbuat azadlığının vəziyyəti barədə nə qədər danışılsa da, dəyişən bir şeyin olmadığını deyir.

“Dəyişən sadəcə olaraq bir şey var, yeni adlar, həbs olunmuş yeni jurnalistlər, yeni bloqerlər və təzyiqlər. Yəni vəziyyət olduğu kimi pis qalıb və heç nə dəyişməyib. Bu mənim vurğulamaq istədiyim məsələlərdən biri idi. İkinci məsələ o idi ki, repressiyalar və təzyiqlər artıq başqa bir forma alıb. Sadəcə fiziki təzyiqlər, həbslər yox, eyni zamanda son bir neçə ildə rəqəmsal təzyiqlər də artıb. Bu, sadəcə, DDoS hücumları, hesabların ələ keçirilməsi deyil, izləmə texnologiyalarından istifadə etməklə sistematik izləmələr və əldə edilmiş informasiyanın bu insanlara qarşı istifadə edilməsi kimi hallardır”, Arzu Qeybullayeva qeyd edib.

Sərhədsiz Reportyorlar Azərbaycanın davamlı olaraq Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirməməsinə görə sərt addımlar atılmasına, o cümlədən Azərbaycanın qurumdakı təmsilçilik hüququnun dayandırılmasına çağırıb.

Çıxış edən AŞPA deputatları Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməyə, Avropa Məhkəməsi qərarlarını icra etməyə, Avropa Şurasını isə Azərbaycanla bu istiqamətdə dialoqa davam etməyə çağırıb.

Mövzu ilə bağlı Azərbaycanın hakim partiyasından olan deputatlardan şərh almaq mümkün olmayıb. Tədbirdə iştirak edən deputat Erkin Qədirli Media haqqında yeni qanunun Azərbaycanın insan hüquqları ilə bağlı öhdəliklərinə, o cümlədən Azərbaycanın Konstitusiyasına zidd olduğunu deyib. Erkin Qədirli Azərbaycanın təmsilçilik hüququnun dayandırılması çağırışları ilə razı olmadığını, hakimiyyətlə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rəsmi Bakı bir qayda olaraq ölkədə insan hüquq və azadlıqlarının qorunduğu, jurnalistlərin sərbəst fəaliyyəti üçün bütün şəraitin təmin edildiyini deyir.

XS
SM
MD
LG