Accessibility links

BBC-nin sədri istefa verib


BBC-nin sədri Riçard Şarp cümə günü istefa verib. Müstəqil hesabatda müəyyən edilib ki, o keçmiş baş nazir Boris Consona 1 milyon dollarlıq kreditin təmin edilməsindəki rolunda potensial maraqlar toqquşmasını açıqlamayaraq ictimai təyinat qaydalarını pozub.

Onun istefası Britaniya ictimai yayımçısına siyasi nəzarətin gücləndiyi bir vaxta təsadüf edir. Hələ keçən ay yüksək maaşlı aparıcı Gary Lineker ilə neytrallıq üstündə səs-küylü mübahisə Britaniyada çoxlu müzakirələrə səbəb olmuşdu.

Bir zamanlar Goldman Sachs-ın bankiri, 2021-ci ildə BBC-nin sədri olan Şarp qanunvericilərdən ibarət komissiya onun kreditin verilməsi məsələsində iştirakını açıqlamadığına görə "əhəmiyyətli mühakimə səhvinə" yol verdiyini müəyyən etdiyi üçün bu ilin fevral ayından bəri təzyiqlə üzləşib.

Şarp hökumətə yayımçıya rəhbərlik edəcək bir şəxsi tapması üçün vaxt vermək məqsədi ilə iyunun sonuna qədər vəzifədə qalmağa razı olduğunu deyib.

İctimai təyinatlara nəzarət edən qurumun başlatdığı araşdırma, Şarpın 2021-ci ildə korporasiyaya sədrlik etmək üçün hökumət tərəfindən seçilməsini araşdırır.

Konkret olaraq, o, sədr seçilməzdən əvvəl Şarpın Consona 1 milyon dollarlıq kreditin verilməsində rolunun təfərrüatlarını tam şəkildə açıqlayıb-açıqlamadığını araşdırıb.

Hesabatda müəyyən edilib ki, o, hökumətin dövlət təyinatları haqqında məcəlləsini pozsa da, bu pozuntu onun təyinatını mütləq etibarsız hesab etmir. Şarp, pozuntunun "təsadüfi olduğuna və əhəmiyyətli olmadığına" inandığını bildirib.

Lakin o, həmçinin dörd illik səlahiyyət müddətinin sonuna qədər qalmasının diqqəti yayımçının "yaxşı işindən" yayındıracağını deyib.

“Mən qərara gəldim ki, BBC-nin maraqlarını üstün tutmaq düzgündür” deyən Şarp bildirib ki, "Ona görə də bu səhər BBC-nin sədri vəzifəsindən istefa verdim".

Müxalifətdəki Leyboristlər Partiyasının mədəniyyət işləri üzrə sözçüsü Lüsi Pauell bildirib ki, pozuntu “BBC-nin reputasiyasına... və müstəqilliyinə ciddi zərbə vurub”.

XS
SM
MD
LG