Accessibility links

Antoni Blinken: Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır


Antoni Blinken (Mənbə: Dövlət Departamenti)
Antoni Blinken (Mənbə: Dövlət Departamenti)

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərindən sonra Twitter hesabında paylaşım edib.

"Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır", Dövlət katibi qeyd edib.

Mayın 1-də ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında deyib ki, ABŞ Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə nail olmaq istəyir.

"Buna görə bu həftə danışıqları asanlaşdırmaq məqsədilə Cənubi Qafqaz regionunda dinc gələcəyi təmin etmək üçün birlikdə çalışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməkdən məmnunuq", Patel qeyd edib.

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülhün mümkün olduğuna inanır.

"Dövlət katibi Blinken xarici işlər nazirlərini dünən qarşılamaqdan və bu səhər Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində keçirilən açılış plenar iclasında iştirak etməkdən şərəf duydu.

Dövlət katibi hesab edir ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Bu, onun dərindən məşğul olduğu məslədir. Burada ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da fəal iştirak edir. Biz buna diqqət yetirməyə davam edəcəyik.

Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq. Nəticədə bunun necə olacağı iki ölkənin verəcəyi qərardan asılıdır. Son nəticədə biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Biz Cənubi Qafqaz regionunda iki ölkə arasında sülh və sabitliyin əldə olunması yollarını axtarırıq", mətbuat katibinin müavini qeyd edib.

Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşüb. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Rəsmi məlumatlara görə, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundudur. Görüşlərdə regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Turan agenliyinə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr "çox konstruktiv olub".

XS
SM
MD
LG