Accessibility links

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlanıb


Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın baş diplomatlarını salamlayır. Vaşinqton, ABŞ. 1 May, 2023.
(Foto: Azərbaycan XİN)
Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın baş diplomatlarını salamlayır. Vaşinqton, ABŞ. 1 May, 2023. (Foto: Azərbaycan XİN)

ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda və birgə görüşlər keçirib.

Dövlət Departamentinin yaydığı məlumata əsasən, ABŞ Dövlət katibinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşü yerli vaxtla səhər 8:30-da, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla isə səhər saat 9-da Corc Şultz adına Milli Xarici Məsələlər üzrə Təlim Mərkəzində baş tutub.

Bundan sonra Dövlət katibi Blinkenin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu ikitərəfəli sülh danışıqlarında salamladığı bildirilir.

Bunun ardınca Azərbaycanın diplomatik heyəti ilə Ermənistanın diplomatik heyəti arasında birbaşa danışıqlar başlanıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Twitter səhifəsində məlumat yayıb.

Dövlət Departmanetinin rəsmiləri səhər baş tutan görüşləri “konstruktiv” adlandırıb və onların bir neçə gün davam edəcəyini gözlədiklərini bildiriblər. Rəsmilər danışıqların səmimi və birbaşa qaydada keçəcəyinə ümidlərini ifadə ediblər.

Onlar Birləşmiş Ştatların Cənubi Qafqazın gələcəyini “dinc, demokratik və firavan” görmək istədiyini vurğulayıblar.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-a aprelin 30-da işgüzar səfərə gəlib.

Hər iki nazirlik səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsnini nəzərdə tutulduğunu bildirir.

Turan agentliyi Vaşinqtondakı diplomatik mənbələrə istinadən bildirir ki, bu həftə Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə danışıqların növbəti raundu keçiriləcək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi” hazırlanacağı gözlənilir.

Vaşinqtondakı mənbə deyib ki, xarici işlər nazirlərinin görüşü “bir neçə gün davam edə bilər”.

Həmçinin Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel aprelin 28-də gündəlik brifinqdə bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında davamlı sülh axtarışları ilə “fəal məşğul olmaqda davam edir”.

“ABŞ Ermənistan və Azərbaycan arasında davamlı sülhün tapılması ilə dərindən məşğul olmaqda davam edir. Bu, Katib Blinkenin, eləcə də baş məsləhətçi Lui Bononun və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Derek Hoqanın dərindən sadiq olduğu bir məsələdir. Fürsət yarandıqda, katib Blinken bu iki ölkə ilə birbaşa əlaqə saxlayır və bunu davam etdirəcək,” Vedant Patel qeyd edib.

Turan agentliyi diplomatik mənbələrə istinadən bildirir ki, Vaşinqtonda danışıqlarda sülh üçün “yol xəritəsi”nin hazırlanmasında uğur qazanılarsa, o zaman Avropa Azərbaycan və Ermənistan liderlərini “bir neçə həftə ərzində” sülh müqaviləsi bağlanması üçün qəbul edəcək.

İki ölkə xarici işlər nazirininn ABŞ-a səfəri Fransa xarici işlər naziri Ketrin Kolonnanın Bakı və Yerevanda münaqişənin həlli ilə bağlı danışıqlarından sonraya təsadüf edir.

Nazir Kolonna Yerevanda bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi genişləndirilməli və gələcək görüşlər üçün təmas nöqtələri tapılmalıdır.

“1 iyun 2023-cü ildə Moldovanın paytaxtında Avropa Siyasi Birliyinin görüşü planlaşdırılıb. Görüşdə 47 ölkənin liderləri, həmçinin Avropa İttifaqının rəhbərliyi iştirak edəcək. Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi genişləndirməli və gələcək görüşlər üçün təmas nöqtələri tapılmalıdır. Ümid edirik ki, Kişinyovda Praqadakı kimi (ötən ilin oktyabrında) Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli dialoq aparmaq mümkün olacaq," nazir qeyd edib.

Ilham Aliyev, Antony Blinken and Nikol Pashinyan
Ilham Aliyev, Antony Blinken and Nikol Pashinyan

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub

Telefon danışığı əsnasında Blinkenin Azərbaycan və Ermənistan arasında sülhün təmin təmin edilməsinə yönəlmiş davamlı səyləri dəstəklədiyini və buna kömək etməyə hazır olduğunu bildirdiyi qeyd edilib.

Dövlət katibi Blinken Azərbaycan prezidenti ilə telefon danışığı apardığı haqda Twitter səhifəsində yazıb.

“Mən ABŞ-ın mövqeyini təkrarladım ki, Laçın dəhlizində insanların gediş-gəlişi və ticarəti açıq olmalıdır”, o bildirib.

Azərbaycan Prezident Administirasiyasının yaydığı rəsmi məlumatda deyilir ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

“Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib,” məlumatda deyilir.

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub.

“Mən Ermənistanın Baş naziri Nikol Pashinyan ilə danışmışam. Bu gün Azərbaycanla sülhün təmin edilməsi üçün davamlı səylərə dəstəyimizi və Birləşmiş Ştatların buna kömək etməyə hazır olduğunu bir daha təsdiq edirəm. Birbaşa dialoq və diplomatiya, Cənubi Qafqazda davamlı sülhün yeganə yoludur," Dövlət katibi Twitter hesabında bildirib.

Ermənistan hökumətinin mətbuat xidməti də telefon danışığı barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi, o cümlədən iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığını vurğulayıb. Digər humanitar məsələlər də müzakirə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG