Accessibility links

Şahin Xiyavlı: İranda türk icmasını görməzdən gələrək hər hansı bir dəyişiklik baş verməz


Şahin Xiyavlı
Şahin Xiyavlı

İranda hökümət əleyhinə son kütləvi etirazların ardınca fərqli ölkələrdə universitetlər, dövlət qurumları, parlamentlər və beynəlxalq təşkilatlar vasitəsi ilə İranla bağlı təşkil olunan konfranslar və iclasların sayı olduqca artıb.

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə bu yaxınlarda qatıldığı Avropa Parlamentində İranla bağlı təşkil olunan iclasların biri haqqında danışıb.

Şahin Xiyavlı: İranda türk icmasını görməzdən gələrək hər hansı bir dəyişiklik baş verməz
please wait

No media source currently available

0:00 0:15:10 0:00
Direct link

"Bu toplantı Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu tərəfindən təşkil edilmişdi. Bu qrupun amacı Avropa İttifaqına üzv olmayan ölkələrdə parlamentar demokratiyanın gücləndirilməsi üçün çalışmaqdır. Bu, əslində bir dialoq toplantısı idi" , Şahin Xiyavlı deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, dialoq sessiyasında İranda son illərdə baş verən kütləvi etirazlar və bu etirazların nədən uğurla nəticələnmədiyi müzakirə olunub:

"Toplantı iki bölümdən ibarət idi. Birinci bölüm İranda bu günə qədər baş vermiş ictimai hərəkatlardakı çətinliklər haqqında idi. Niyə bu günə qədər uğur əldə olunmayıb? Bunu səbəbləri nədir? Bu haqda danışıq oldu və iştirakçılar mənsub olduqları toplumların görüşünü əks etdirdilər. İkinci mövzu isə bu idi ki, Avropa Parlamenti İranda qadınlara, özəlliklə də mədəni toplum qurumlarına necə dəstək verə bilər. İnsan haqları qurumlarına həm daxildə və həm xaricdə necə və hansı yollarla dəstək verilə bilər".

Şahin Xiyavlı hesab edir ki, İranda ictimai-siyasi hərəkatların uğursuz nəticələnməsinin bir səbəbi Azərbaycanın siyasi rolu və ümumiyyətlə türklərin rolunun müxalifət qüvvələri tərəfindən yetərincə diqqətə alınmamasıdır.

O, həmin dialoq sessiyasında İran hakimiyyətinin türk dil haqları müdafiəçilərinə tətbiq etdiyi basqılara işarə edərək, müxalifət qüvvələrinin də ana dili məsələsində İslam Respublikasından fərqli düşünmədiklərini önə çəkib.

"Öz dillərində təhsil haqqı istəyən insanları tuturlar, işgəncə edirlər, 4 il 5 il həbs verirlər, sürgünə göndərirlər və deyirlər ki, bunlar bölücüdür, pan-türkistdir. Eyni zehniyyət elə müxalifətdə də vardır. Son zamanlarda Rza Pəhləvinin bir açıqlaması var bu xüsusda. Mən orada dedim ki, siz İranda insan haqları, demokratiya və ya rejim dəyişikliyi istəyirsənizsə Azərbaycanın və ümumiyyəylə türklərin rolunu görməzdən gəlmək olmaz. İran xaricində fəaliyyət göstərən müxaliflətdə bir görməzdən gəlmə var. Bu da sözün düzü bir qüdrət məsələsidir. Çünki, müxaliflər də qüdrəti türklər ilə bölüşmək istəmir. Türklərlə müqayisədə digər etnik qruplarla daha rahat bir araya gələ bilirlər".

Hüquq müdafiəçisi əlavə edib: "Biz bilirik ki, bir çox quruma mənəvi və maliyyə dəstəyi verilir, mediadan tutub fərqli sahələrə qədər. Amma türklərə gələndə bu dəstək yoxdur. Avropa Birliyi də görməzdən gəlir... Amma, türklərin İranda keçmişi vardır və əgər biz istəyiriksə, İranda hər hansı bir dəyişiklik olsun, mütləq türklərin rolunu görmək lazimdir. Bu mənada da beynəlxalq insa haqları qurumları və ya digər görüşmələrdə türklər mütləq orada ağırlıqla təmsil olma haqqına sahib olmalıdırlar".

XS
SM
MD
LG