Accessibility links

Prezident Əliyev Moskvadakı parada qatılmadı, İkinci Dünya Müharibəsi veteranlarını təbrik etdi


Qələbə günü (Arxiv foto. Mənbə: Prezident Administrasiyası)
Qələbə günü (Arxiv foto. Mənbə: Prezident Administrasiyası)

Mayın 9-da Azərbaycanda rəsmi olaraq nasizm üzərində qələbənin 78-ci ildönümü qeyd edilir. Qələbə günü ölkədə dövlət bayramları sırasına daxildir, iş günü deyil.

Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin bir sıra rəhbərlərindən fərqli olaraq Moskva şəhərində Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Qələbə Paradında iştirak etməyib. Prezident Əliyev bu il qabaqkı illərdən fərqli olaraq Bakıda şəhərindən deyil, Şuşa şəhərindən müharibə veteranlarını təbrik edib.

Tarixi məlumatlara görə qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə həlak olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin 9 May – Qələbə Günü ilə bağlı yaydığı bəyanatda deyilir: "Nasizm üzərində qələbənin ildönümündə irqçilik, nasizm, faşizm kimi beynəlxalq sülh və təhlükəsizliyə hədə törədən təhlükəli ideologiyalara bəraət qazandırılması, onları dəstəkləyənlərin qəhrəmanlaşdırılması cəhdlərini qətiyyətlə pisləyir, bir daha bütün dünyanı sarsıdan, beynəlxalq ictimaiyyəti kütləvi insan tələfatı və dağıntılarla nəticələnən müharibə təhlükələri ilə üzləşməmək naminə bu kimi tendensiyaların aradan qaldırılması istiqamətində əməkdaşlığa çağırırıq".

Nazirlik hesab edir ki, Azərbaycanın təbii sərvətləri, xüsusilə neft ehtiyatları nasizmə qarşı aparılan mübarizədə qələbənin təmin olunmasında həlledici rol oynayıb.

"1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Cəbhənin tələbatını ödəmək naminə gecə-gündüz çalışan neftçilərimizin əvəzsiz xidməti sayəsində istehsal olunan məhsullar müharibənin taleyində həlledici rol oynayıb”, sənəddə qeyd edilir.

Hər il odğu kimi bu il də Azərbaycan Prezidenti 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 51 nəfərin hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3487 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım verilib.

Ödənişlər ümumilikdə 3538 şəxsi əhatə edib. Birdəfəlik maddi yardımların verilməsi üçün dövlət başçısının sərəncamı ilə Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

XS
SM
MD
LG