Accessibility links

Azərbaycan və Rusiya yerüstü tezliklər üzrə müzakirələr aparır


Mayın 11-də Quba şəhərində (Bakıdan 168 kilometr şimal) Azərbaycan və Rusiyanın rabitə administrasiyaları arasında yerüstü xidmətlər üzrə koordinasiya görüşü başlayıb.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanı nazirliyin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və mobil rabitə operatorlarının mütəxəssisləri təmsil edir.

"Koordinasiya görüşündə müxtəlif tezlik zolaqlarından, o cümlədən radio və televiziya yayımı, yeni nəsil mobil rabitə şəbəkələri və digər yerüstü texnologiyaların tətbiqi üçün müvafiq tezlik zolaqlarından sərhədyanı ərazilərdə maneəsiz istifadənin təmin edilməsi məqsədilə zəruri texniki təhlillər və hesabatlar aparılır. Həmçinin sözügedən tezlik zolaqlarının koordinasiyası üçün milli maraqlara uyğun prinsip və meyarların müəyyən edilməsi nəzərdə tutulur", məlumatda qeyd edilir.

Azərbaycan İntenet Forumunun prezidenti Osman Gündüz bir qədər əvvəl Amerikanın Səsinə bildirib ki, ölkənin sərhədləri boyunca ərazilərdə digər qonşu ölkənin televizya və radio siqnalları yayılır.

Ekspert xatırladıb ki, Azərbaycan hökumətinin bu sahə üzrə nümayəndələri zaman-zaman qonşu ölkələrin və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri ilə müzakirələr aparır.

"Bu, ciddi bir məsələdir. Yəni Azərbaycan vətəndaşı ilk olaraq informasiyanı öz ölkəsinin mənbələrindən alacaq, yoxsa xarici mənbədən? Azərbaycan hökuməti maraqlı olmalıdır ki, əhali ilk olaraq öz ölkəsinin mediasından məlumat ala bilsin, sonra başqa ölkələrin məlumatını seçsin. Hökumət bu problemin çözülməsində maraqlı olmaldır. Bunun üçün Sovet dövrünün bir ənənəsi var idi, qarşı tərəf ötürücü stansiyalarını gücləndirdikcə, biz də gücləndirirdik. Bax belə, ucu-bucağı görünməyən informasiya müharibəsi başlayır. Daha doğru olar ki, Azərbaycan ötürücü stansiyalarının gücünü artırmaqla yanaşı, özümüzün regionlarda radio və televiziyalarımızı yaradaq. Yəni regionlarda və bütün ölkədə informasiya infrastrukturunu özümüz qurmalıyıq. Başqasına qarşı aparılan ucu-bucağı görünməyən dumanlı mübarizədənsə, özümüzün strukturlarını formalaşdırmaq daha düzgün olar. Bizim regionlardakı radio və televiziyaların sayı qonşu ölkələrlə müqayisədə azdır", ekspert qeyd edib.

Azərbaycanın Rusiya ilə 327,6 kilometr uzunluğunda sərhədi var. Rusiya ilə Azərbaycan sərhədində avtomobil, dəmir yolları və piyada keçidləri yerləşir.

XS
SM
MD
LG