Accessibility links

ABŞ Dövlət Departamentinin "2022-ci ildə Beynəlxalq Din Azadlığı" hesabatında Azərbaycan


ABŞ Dövlət Departamenti mayın 15-də "2022-ci ildə Beynəlxalq Din Azadlığı" hesabatını yayıb.

Hesabatda deyilir ki, mart ayında "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib ki, bütün məscidlərdə dini kadrların təyinatı və yenidən təyinatı dövlətin nəzarətində olan Qafqaz Müsəlmanları İdarəsindən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) verilib. Hökumət ,həmçinin qeyri-islam dini icmalarında din xadimlərinin təyinatını təsdiqləmək səlahiyyətinə malikdir.

Yerli insan haqları qrupları və digərləri hökumətin dini fəalları fiziki zorakılığa məruz qoymağa, müvəqqəti olaraq ünsiyyətdən kənar saxlamağa, həbs etməkdə davam etdiyini və bir çox din xadimlərinin, o cümlədən narkotik saxlamaq ittihamı ilə həbs edilməsinin siyasi motivli olduğunu bildirib.

İl ərzində Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hökumətin şəxsi evdə dua etmək üçün toplaşan Yehovanın Şahidlərinin həbsi ilə bağlı bir iş də daxil olmaqla, yeddi nəfərlə bağlı iki hökmdə fərdi din və ya etiqad azadlığını pozduğunu müəyyən edib.

İnsan haqları ilə bağlı qeyri-hökumət təşkilatı (QHT) bildirib ki, ilin sonuna kimi 22 nəfər dini inanc və əməllərinə görə həbsdə qalıb.

Sentyabrın 16-da məhkəmə vətənə xəyanətdə ittiham olunan İranda təhsil almış şiə imamı Sərdar Babayevin həbs müddətini 2023-cü ilin martına qədər uzadıb. Hüquq müdafiəçiləri hökumətin təqibinin Babayevin dini fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Səlahiyyətlilər hökumətin ekstremist qrup kimi səciyyələndirdiyi və İrandan maliyyə almaqda ittiham olunan, qeydiyyatdan keçməmiş Müsəlman Birliyi Hərəkatı (MBH) ilə əlaqəli şəxslərə qarşı hüquqi işlərə başlamaqda davam edib. MBH üzvləri həbsdə olarkən səlahiyyətlilərin onlara fiziki təzyiq göstərdiyini bildirməyə davam etdilər. MBH üzvlərindən biri səlahiyyətlilərin onu zorladığını, daha sonra 15 gün inzibati həbsdə saxladığını bildirib.

Bəzi vətəndaş cəmiyyəti fəalları və insan haqları müdafiəçiləri MUM üzvlərinin həbsini siyasi motivli hesab edirlər. Rəsmilər bildirib ki, hökumət konstitusiyada nəzərdə tutulduğu kimi etiqadına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ xidmət göstərməyi düşünmür. Hakimiyyət Yehovanın Şahidlərini alternativ xidməti yerinə yetirmək istəyinə baxmayaraq, məcburi hərbi xidmətdən imtina etdiklərinə görə həbs etməyə davam edirdi.

İlin sonunda DQİDK hamısı müsəlman olan 12 yeni dini icmanı qeydiyyatdan keçirib. Hökumət DQİDK-ya dini kadrları təyin etmək və yenidən təyin etmək səlahiyyəti verən dini etiqad azadlığı haqqında qanuna mart ayında edilən düzəlişləri xarici təsirdən qorumaq və terrorizmin qarşısını almaq üçün zəruri hesab edib.

Vətəndaş cəmiyyəti təşkilatları bu dəyişikliklərin dinin sərbəst şəkildə həyata keçirilməsinə daha da təsir etdiyini və konstitusiya ilə din və dövlətin ayrılmasını pozduğunu bildirib. Norveçdə yerləşən beynəlxalq dini etiqad azadlığı qeyri-hökumət təşkilatı Forum 18 bildirir ki, DQİDK İmam Mirseymur Əliyevi Ramazan bayramı namazını hökumətin təsdiq etdiyi mayın 2-də deyil, mayın 3-də qıldığına görə vəzifəsindən azad edib.

QHT-lər bildirib ki, hökumət icazəsiz qrup namazı üçün şəxsi evlərdə toplaşan müsəlmanları cərimələyib. Dini məsələlər üzrə yerli ekspertlər, dini liderlər və vətəndaş cəmiyyəti nümayəndələri geniş ictimaiyyətin "ənənəvi" hesab etdikləri (yəni ölkədə tarixən mövcud sayılanlar) yəhudilər, rus pravoslavları və katoliklər də daxil olmaqla, azlıqların dini qruplarına qarşı tolerantlıq nümayiş etdirməyə davam etdiyini və bəzi hallarda maddi dəstək aldığını bildirib. Eyni mənbələrə görə, bəzi şəxslər ölkədə tarixi mövcudluğu az olan dini qruplara şübhə və inamsızlıqla baxır.

Hesabatda qeyd olunur ki, hakimiyyət ilahiyyatçı Elşən Mustafaoğlunu 7 il yarımdan sonra vaxtından əvvəl azad edib. Ona 10 il həbs cəzası verilmişdi.

Sənəddə ABŞ hökumətinə bəzi tövsiyələr də verilir.

Hesabatda deyilir ki, ABŞ Konqresi öz dinləmələrində və başqa fəaliyyətində Azərbaycanda dini və insan azadlıqlarının pozulması halları barədə narahatlığını bildirməli və iradları ABŞ-dakı Azərbaycan səfirliyinə və Azərbaycan rəsmilərinə çatdırmalı, Azərbaycandakı bütün vicdan məhbuslarının azad olunmasına çalışmalıdır.

Bu tövsiyələrdən birinə görə, Azərbaycanda 2009-cu ildə qəbul olunmuş din qanununa yenidən baxılması və beynəlxalq standartlara və Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırılması üçün rəsmi Bakı ilə iş birliyi aparılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG