Ukraynadan bir yüksək rütbəli diplomatik rəsmisi bildirib ki, Prezident Volodimir Zelenski bu həftə sonu Yaponiyanın Hiroşima şəhərində Rusiyaya qarşı yeni cəza tədbirlərinin nəzərdən keçirildiyi Böyük Yeddilər (G7) sammitində iştirak edəcək.
"Orada çox vacib məsələlər barəsində qərarlar qəbul olunacaq və buna görə də bizim maraqlarımızı müdafiə etmək üçün prezidentimizin iştirakı tamamilə vacibdir" - deyə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov dövlət televiziyasına bildirib.
Reuters G7 üçün tənzimləmələrdə iştirak edən adı açıqlanmayan iki ukraynalı rəsmiyə istinadən xəbər verir ki, Zelenski mayın 21-də, üçüncü və sonuncu gün keçiriləcək toplantıda iştirak edəcək.
Rəsmi şəxs Reuters-ə həmçinin bildirib ki, Zelenski Səudiyyə Ərəbistanında Ərəb Liqasının iclasına qatıldıqdan sonra Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Fransa hökumətinin təyyarəsi ilə Yaponiyada G7-nin iclasına gedəcək.
Bu arada, Rusiya Ukraynanın şərqindəki Baxmut şəhərinə nəzarət uğrunda şiddətli döyüşlərdə dalana dirəndiyi bir vaxtda Ukrayna şəhərlərini dron və raket hücumları ilə vurmağa davam edir - Ukraynanın müdafiə rəsmiləri mayın 19-da bildirib.
Kyiv hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, gecə ərzində Kyiv yenidən İran istehsalı olan pilotsuz təyyarələrin hədəfinə çevrilib. Hücum sayca bu ay 10-cu olsa da, onların hamısı paytaxtın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
"Bu cür taktika ilə Kreml bizim hava hücumundan müdafiə vasitələrimizi tükəndirməyə, eləcə də mülki əhaliyə psixoloji təsir göstərməyə çalışı" deyə Popko bildirib.
Digər tərəfdən Ukraynanın hava hücumundan müdafiə qüvvələri mayın 19-da gecə ərzində 16 pilotsuz təyyarə və bir qanadlı raket vurduğunu bildirib. Lakin onların harada vurulması ilə bağlı məlumat verilməyib.
Partlayış səsləri ölkənin qərbindəki Lviv və cənub-şərqdəki şəhərlərində də eşidilib. Partlayışlar haqqında məlumat verən Kriviy Rix meri Oleksandr Vilkul şəhər sakinlərini ehtiyat tədbirləri görməyə çağırıb.