Accessibility links

İnterpol 100 illiyini qeyd edir


Hüquq-mühafizə orqanları arasında əməkdaşlığı asanlaşdırmaq üçün 1923-cü ildə yaradılmış beynəlxalq polis təşkilatı olan İnterpol son illərdə cinayətkarlıqla mübarizə aparan nəhəng qüvvəyə çevrilib. Bununla belə, onun xəbərdarlıq sistemindən sui-istifadə ilə bağlı son mübahisələr qurumun qlobal hüquq-mühafizə orqanlarının əməkdaşlığı üçün əvəzsiz vasitə kimi reputasiyasına kölgə salıb.

Baş prokurorun müavini Liza Monako bazar ertəsi Ədliyyə Nazirliyinin İnterpolun yüz illiyi ilə bağlı tədbirində çıxış edərək, təşkilatın terrorizmdən kibercinayətkarlığa və insan alverinə qədər aktual qlobal təhlükələrlə mübarizədəki rolunu yüksək qiymətləndirib.

"Son 100 il ərzində İnterpol bu təhlükələrin hər birinə cavab vermək üçün təkamül edib və bununla da dünyanı daha təhlükəsiz yerə çeviribi" - deyə, Monako iştirakçılara bildirib.

Ədliyyə Nazirliyinin Böyük zalında keçirilən mərasimdə nəfəs alətləri və nağaralar orkestri, habelə yerli polis idarəsinin fəxri qarovulunun təqdimatları olub.

İnterpolun yüksək səviyyəli rəsmiləri, həmçinin İnterpolun ABŞ Milli Mərkəzi Bürosunu idarə edən iki qurum- Ədliyyə və Daxili Təhlükəsizlik Nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edir.

İnterpol öz missiyasının bir hissəsi olaraq, bütün dünyada polis qüvvələrinə ekstradisiyası gözlənilən şübhəlinin yerini tapıb həbs etmək üçün müraciət edən qırmızı bildirişlər dərc edir.
Yalnız İnterpolun 195 üzv ölkəsi İnterpolun qaydalarına uyğun olduğu müddətcə qırmızı bildiriş tələb edə bilər.

İnterpol bildirir ki, 2017-ci ildə yaradılmış vəkillər və polis məmurlarından ibarət işçi qrupu daxil olan bütün qırmızı bildiriş sorğularını hərtərəfli yoxlayır. Bundan əlavə, İnterpolun Fayllarına Nəzarət Komissiyası kimi tanınan, mübahisəli qırmızı bildirişləri və digər xəbərdarlıqları öz sistemindən silən müstəqil qurumu var. Komissiya üzvləri əsasən hüquqşünaslardan ibarət əlavə nəzarət orqanıdır.

Agentliyin uyğunluğu təmin etmək səylərinə baxmayaraq, Rusiya və Çin kimi ölkələr son illərdə İnterpolun xəbərdarlıq sistemindən siyasi məqsədlər üçün sui-istifadə etməkdə ittiham olunurlar.

İnterpolun Baş katibi Yurgen Stok Ədliyyə Nazirliyindəki mərasim zamanı agentliyinin “sağlam” yoxlama sistemini müdafiə edib.

"Təkrar uyğunsuzluq baş verdikdə kanallarımızın bütövlüyünü qorumaq üçün həmin üzv ölkələrə qarşı qabaqlayıcı və düzəldici tədbirlər tətbiq olunur" - deyə, Stok bildirib.

2021-ci ildə İnterpol 24 000-ə yaxın qırmızı bildiriş və axtarışda olan şəxslər barədə xəbərdarlıq dərc edib, 1300-ə yaxınını isə tələblərə uyğun gəlmədiyinə görə rədd edib.

Monako avtokratik rejimlər tərəfindən “İnterpolun transmilli repressiyaların davam etdirilməsində sui-istifadələrə mane olmaq” üçün İnterpolun xəbərdarlıq sorğularına artan nəzarətini alqışlayıb.
Lakin tənqidçilər deyirlər ki, avtoritar rejimlər sistemdən sui-istifadə etməkdə davam edir.

Həm Çin, həm də Rusiya İnterpolun sui-istifadəsini inkar edir.

Tənqidlərə baxmayaraq, İnterpol hüquq-mühafizə orqanlarının qlobal əməkdaşlığında mühüm rolunu saxlayır. Son illər cinayətkarlar getdikcə daha çox sərhədlər boyu və onlayn fəaliyyət göstərdikcə, İnterpolun cinayətlə mübarizədəki rolu artıb. İnterpol bildirir ki, bütün dünyada polis idarələri onun məlumat bazalarından gündə 20 milyon dəfədən çox, yaxud saniyədə təxminən 250 axtarış sorğusu aparır.

XS
SM
MD
LG