Bu məsələ ilə tanış olan iki mənbə Reuters agentliyinə bildirib ki, Rusiyanın aparıcı tədqiqat institutunun direktoru hipersəs raket texnologiyası üzrə iki mütəxəssislə birlikdə vətənə xəyanətdə şübhəli bilinərək həbs edilib. Onlar Çinə sirləri ötürməkdə ittiham olunur.
Bildirilib ki, Xristianoviç adına Sibir Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (ITAM) rəhbəri Aleksandr Şiplyuk 2017-ci ildə Çində keçirilən elmi konfransda məxfi materialları təhvil verməkdə şübhəli bilinir. Onların məlumatına görə, 56 yaşlı Şiplyuk günahsız olduğunu iddia edir. O vurğulayır ki, sözügedən məlumat məxfi xarakter daşımayıb və internetdə sərbəst şəkildə yayılıb.
Ötən ilin avqustunda həbs edilən İTAM direktoruna qarşı ittihamların mahiyyəti barədə əvvəllər məlumat verilmirdi. Şiplyuk son illər Pekinə sirləri ötürməkdə ittiham edilərək həbs edilən rusiyalı alimlərin sonuncusudur.
Moskvanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda Rusiya parlamenti ötən ay dövlətə xəyanətə görə maksimum cəzanın 20 ildən ömürlük həbsə qədər artırılmasına səs verib.
Çərşənbə axşamı Rusiya parlamentinin Aşağı Palatasının Təhlükəsizlik Komitəsinin rəhbəri 2017-2022-ci illər arasında 48 rusiyalının vətənə xəyanətdə təqsirli bilindiyini deyib.
Keçən il lazer texnologiyası üzrə mütəxəssis Dmitri Kolker vətənə xəyanət ittihamı ilə Sibirdə həbs edilmiş, lakin iki gün sonra xərçəng xəstəliyindən vəfat etmişdi. Ötən həftə onun vəkili Aleksandr Fedulov Reuters agentliyinə bildirib ki, Kolker Çinə sirləri ötürməkdə ittiham olunub. Alimin ailəsi bu ittihamları rədd edir.
Rusiyanın TASS xəbər agentliyinin o zaman verdiyi məlumata görə, Tomskdan olan alim Aleksandr Lukanin 2020-ci ildə sirləri Pekinə ötürməkdə şübhəli bilinərək həbs edilib. Ötən il o, yeddi il yarım müddətinə azadlıqdan məhrum edilib.
Sankt-Peterburqda Arktika Elmlər Akademiyasına rəhbərlik edən alim Valeri Mitko da 2020-ci ildə mühazirə oxumaq üçün mütəmadi olaraq səfər etdiyi Çinə sirləri ötürməkdə günahlandırılıb, TASS o zaman bildirib.
Mitko iki il sonra 81 yaşında ev dustaqlığında vəfat edib. Şiplyuk və onun iki İTAM həmkarı - Anatoli Maslov və Valeri Zvegintsevin işi tam məxfidir və işə bağlı qapılar arxasında baxılacaq.