Sudan ordusu ilə güclü hərbiləşdirilmiş qüvvə arasında ara-sıra toqquşmalar cümə axşamına da davm edir. Döyüşlər paytaxt Xartumda nisbi sakitliyi pozub və beynəlxalq vasitəçiliklə əldə edilən atəşkəsin pozulacağı riskini artırıb.
Səudiyyə Ərəbistanı və ABŞ-ın, eləcə də döyüşən tərəflərin nəzarətində olan atəşkəs Xartumda beş həftə davam edən müharibədən və Darfurun qərb bölgəsi də daxil olmaqla, Sudanın digər bölgələrində baş verən zorakılıqlardan sonra əldə edilib.
Döyüşlər Sudan ordusunu yarı-hərbi Çevik Dəstək Qüvvələrinə (RSF) qarşı qoyub və humanitar böhranı dərinləşdirib, 1,3 milyondan çox insanı evlərini tərk etməyə məcbur edib və daha geniş regionda sabitliyi pozmaqla hədələyib.
General Əbdül Fəttah Əl-Bürhanın rəhbərlik etdiyi ordu hava gücünə arxalanır, keçmiş milis lideri general Məhəmməd Həmdan Daqalo tərəfindən komandanlıq edilən RSF isə Xartum küçələrində geniş yayılaraq gizlənib.
Genişmiqyaslı humanitar böhran yaratmaq və region ölkələrində sabitliyi pozmaq təhlükəsi yaradan münaqişədə hər iki tərəfin üstünlük əldə edib-etmədiyi bəlli deyil.
Atəşkəs şənbə günü Səudiyyə Ərəbistanı və ABŞ-ın vasitəçiliyi ilə Ciddədə keçirilən danışıqlardan sonra razılaşdırılıb. Əvvəlki atəşkəslər döyüşləri dayandıra bilməyib. Çərşənbə günü axşam verdiyi açıqlamalarda ordu və RSF bir-birini razılaşmanı pozmaqda ittiham edib.