Accessibility links

Senator Qram: Putin də qoşulsa, Haaqada mühakiməyə hazıram


Respublikaçı senator Lindsi Qram Daxili İşlər Nazirliyinin Cənubi Karolinadan respublikaçı senatoru axtarışa verməsindən sonra Rusiya hakimiyyətinə cavab verib.

"Rusiya rejimini hərbi cinayətkarlar kimi qınadığım üçün məni həbs və mühakimə etmək istəyən rus "dostlarıma" bunu təklif edirəm: Əgər siz də buna tabe olsanız, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına tabe olacağam", Qram deyib.

"Ən yaxşı arqumentlərinizi təqdim edin. Haaqada görüşənədək!" - deyə, o əlavə edib.

Qram Rusiya Daxili İşlər Nazirliyinin amerikalı deputatın prezident Volodimir Zelenski ilə görüşündə Ukraynadakı döyüşlərlə bağlı açıqlamalarına görə onu axtarışa verdikdən sonra açıqlama verib.

O bildirib ki, "ruslar ölür" və ABŞ-ın Kyivə hərbi yardımını "pulumuzdan ən yaxşı istifadə" adlandırıb.

Qram həbs qərarına "şərəf nişanı" kimi yanaşacağını bildirib.

"Ukrayna ilə bağlı öhdəliyimin Putin rejiminin qəzəbinə səbəb olduğunu bilmək mənə böyük sevinc bəxş edir. Hər bir rus əsgəri Ukrayna ərazisindən qovulana qədər mən Ukraynanın azadlığını müdafiə etməkdə davam edəcəyəm" , Qram bildirib.

O, ABŞ-ın Ukraynaya verdiyi silahların, o cümlədən uzunmənzilli artilleriya və kaset bombalarının siyahısını genişləndirməyə çağırıb.

"Bu səfər zamanı mənə aydın oldu ki, ruslar qan içində zəifləyib. Əgər əks-hücum uğurlu olsa, Ukraynanı kaset sursatları və əlavə uzunmənzilli artilleriya ilə təmin etməliyik. Sehrli silahlar olmasa da, qətiyyətli ukraynalıların əlində düzgün silahlar döyüş meydanında sehr yaradır. "Ukrayna üçün qələbə!" - deyə, senator bildirib.

Kaset sursatlarının çatdırılma vasitələri artilleriya, raketlər və təyyarələrdir. Onlar havada açılır və yüzlərlə sursatları geniş əraziyə səpələyir.

Hərbi ekspertlərin fikrincə, onların əsas məqsədi düşmən qoşunlarının şəxsi heyətinə böyük itkilər verməkdir.

123 ölkə tərəfindən imzalanmış və ratifikasiya edilmiş Kasetli Silahlar haqqında Beynəlxalq Konvensiya kaset sursatlarının istifadəsini, istehsalını, əldə edilməsini, ötürülməsini və yığılmasını qadağan edir və mövcud ehtiyatların məhv edilməsini tələb edir.

XS
SM
MD
LG