Accessibility links

24 saatlıq atəşkəs başa çatdıqdan sonra Sudanın paytaxtında atışma yenidən başlayıb


Şahidlərin dediyinə görə, mülki şəxslərə təxminən iki aylıq müharibədən nadir hallarda möhlət verən 24 saatlıq atəşkəs başa çatdıqdan sonra Sudanın paytaxtında atışma yenidən başlayıb.

Aprelin ortalarında ordu rəisi Əbdülfəttah əl-Burhan və onun yarı-hərbi Çevik Dəstək Qüvvələrinə (RSF) komandanlıq edən keçmiş müavini Məhəmmədd Həmdan Daglo bir-birinə qarşı çıxdıqdan sonra şimal-şərqi Afrika ölkəsində ölümcül döyüşlər gedir.

Bir sıra atəşkəs razılaşmalarının sonuncusu paytaxt Xartumda tələyə düşmüş mülki şəxslərə çölə çıxmağa, ərzaq və digər zəruri ləvazimatları almağa imkan vermişdi.

Şahidlərin AFP-yə verdiyi məlumata görə, atəşkəsin bazar günü səhər saat 6:00-da başa çatmasından cəmi 10 dəqiqə sonra paytaxt yenidən atəşə tutulub və toqquşmalar baş verib.

Onlar bildirib ki, Xartum və şimal Omdurmanda güclü artilleriya səsləri eşidilib və döyüşlər paytaxtın cənubundakı əsas Əl-Hava küçəsində də başlayıb.

Bazar günü səhər saatlarında başa çatan 24 saatlıq atəşkəs ABŞ və Səudiyyə Ərəbistanı vasitəçiləri tərəfindən elan edilmişdi və onlar atəşkəs uğursuz olsa, vasitəçilik səylərini dayandıra biləcəkləri barədə xəbərdarlıq etmişdi.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, müharibə edən tərəflər "ölkə daxilində humanitar yardımın maneəsiz hərəkətinə və çatdırılmasına icazə verməyə razılaşıb".

Vasitəçilər bildiriblər ki, onlar "Sudan xalqının əvvəlki atəşkəslərin qeyri-bərabər icrası ilə bağlı məyusluğunu bölüşürlər".

Silahlı Münaqişə Yeri və Hadisə Məlumatları Layihəsinə görə, döyüşlər Xartum və Darfurun qərb bölgəsini əhatə edib, 1800-dən çox insan həlak olub.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, təxminən iki milyon insan, o cümlədən 476 min qonşu ölkələrdə sığınacaq tapıb. 200 000-dən çox insan Misirə, əsasən qurudan daxil olub.

Lakin Qahirə şənbə günü əvvəllər vizadan azad edilmiş sudanlılar - bütün yaşlarda olan qadınlar, 16 yaşdan kiçik uşaqlar və 50 yaşdan yuxarı hər kəs üçün tələbləri sərtləşdirdiyini açıqlayıb.

Misir bildirib ki, yeni tələblər Sudan xalqının ölkəyə girişinin "qarşısını almaq və ya məhdudlaşdırmaq" üçün nəzərdə tutulmayıb, əksinə, mənfəət məqsədi ilə "sərhədin Sudan tərəfində saxta giriş vizası verən şəxslər və qruplar tərəfindən qanunsuz fəaliyyətləri" dayandırmaq üçündür.

XS
SM
MD
LG