Accessibility links

RATİ: Azərbaycan hakimiyyəti Bəxtiyar Hacıyevi dərhal azad etməlidir


Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə: VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə: VOA)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hüquq müdafiəçisi, İctimai Siyasət İnstitutunun rəhbəri Bəxtiyar Hacıyevə qarşı yeni itthamları “qanunsuz və siyasi motivli” hesab edir və Azərbaycan rəhbərliyini hüquq müdafiəçisini dərhal azad etməyə çağırır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatında deyilir ki, 2022-ci il dekabrın 9-dan xuliqanlıq ittihamı ilə həbsdə olan Hacıyevə qarşı Avropa Demokratiyaya Yardım Fondundan qrant almaqla bağlı yeni ittihamların irəli sürülməsi “hakim avtoritar rejim tərəfindən təqiblərin siyasi motivlərini bir daha sübut edir”.

“Azərbaycanın hüquq-mühafizə orqanları ölkə rəhbərliyinin siyasi sifarişini yerinə yetirərək, ictimai layihələrin həyata keçirilməsi üçün Qərb donorlarından qrant almasını qanunsuz biznes, çirkli pulların yuyulması və qaçaqmalçılıq kimi qiymətləndirib və hüquq müdafiəçisinə qarşı siyasi motivli ittihamlar irəli sürüb, bu ittihamlara əsasən hüquq müdafiəçisini 10 ildən çox həbs cəzası gözləyir”.

RATİ hesab edir ki, Hacıyevə qarşı yeni ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin qalıqlarına və müstəqil səslərə qarşı repressiyaların növbəti mərhələsinin artdığına dair ciddi siqnaldır.

“Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti kimi qurumlar dərhal Azərbaycan hakimiyyətinə Hacıyevə qarşı siyasi ittihamların qəbuledilməz olması və onun dərhal azad edilməsi tələbləri ilə bağlı sərt müraciət göndərməlidir. Hakimiyyət Bəxtiyar Hacıyevə qarşı absurd təqibləri dayandırmasa, rejimin qarşıdakı aylarda növbəti hədəfləri Avropa Demokratiyaya Yardım Fondu və digər Qərb donorlarının dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən digər hüquq müdafiəçiləri və fəallar olacaq”, sənəddə qeyd edilir.

RATİ həmçinin Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Burici və Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçi Azərbaycan hakimiyyətindən Bəxtiyar Hacıyevin cinayət təqibinin dayandırılmasını və onun dərhal azad edilməsini tələb etməyə çağırır.

RATİ xatırladır ki, insan haqlarının müdafiəsi və ictimai fəaliyyətinə görə Harvard Universitetinin İdarəetmə Məktəbinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ildə sistematik olaraq Azərbaycan hakimiyyəti tərəfindən “repressiv təzyiqlərə məruz qalıb”, o, iki il müddətinə azadlıqdan məhrum edilib və beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıb.

“Son illər Hacıyev hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə fiziki təzyiqlərə və işgəncələrə məruz qalıb, sonuncu dəfə 2022-ci ilin aprelində oğurlanaraq işgəncələrə və ləyaqəti alçaldan hərəkətlərə məruz qalıb”.

RATİ hesab edir ki, həbsdə olan Bəxtiyar Hacıyevin həyatı təhlükədədir və Azərbaycan hakimiyyəti onun dərhal azad etməyə çağırır.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

İyunun 16-da istintaq orqanı Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

“Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir”, vəkil qeyd edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

XS
SM
MD
LG