Accessibility links

Rusiyanın Xarkiv regionunda hücumu zamanı 31 nəfər yaralanıb


Pervomayski şəhərinin hücumdan sonra görünüşü, 4 iyul, 2023.
Pervomayski şəhərinin hücumdan sonra görünüşü, 4 iyul, 2023.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, iyulun 4-də Rusiyanın Xarkov vilayətinin şərqindəki Pervomayski şəhərinə endirdiyi zərbələr nəticəsində 9 uşaq da daxil olmaqla, 30-dan çox adam yaralanıb. Hücum Ukrayna ordusunun ağır döyüşlərin davam etdiyi haqda məlumatlar verməsi fonunda baş verib.

Xarkiv vilayətinin qubernatoru Oleh Sinehubov Telegram kanalında atəşin yerli vaxtla saat 13:35 radələrində açıldığını, nəticədə bir neçə avtomobilin yandığını və yaşayış binasının şüşələrinin sındığını bildirib.

Sinehubov bildirib ki, xəsarət alanlar arasında 10 aylıq körpə və 1 yaşlı uşaq da var.

Zərbələr Donbas bölgəsindəki hazırkı qaynar nöqtələrdən nisbətən uzaqda yerləşən Pervomayski şəhərində yaşayış binasının qarşısındakı avtomobil dayanacağına endirilib.

Prezident Vladimir Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermak da hücumu şərh edərək, Rusiya qüvvələrinin “yüksək partlayıcı mərmilər” atdığını deyib.

Həm Sinehubov, həm Yermak Telegram kanalında zərbələr nəticəsində çevrilmiş və ya yanmış avtomobillərin görüntüləri də daxil olmaqla, onların sözlərinə görə dağıntıları əks etdirən fotoşəkillər yerləşdiriblər.

Ukraynanın cənub komandanlığının rəhbəri general Oleksandr Tarnavski Ukrayna qüvvələrinin Rusiya qüvvələrini bir sıra mövqelərdən sıxışdırıb çıxardığını bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 4-də səhər saatlarında Donetskin Baxmut, Liman, Avdiivka və Maryinka rayonlarında şiddətli döyüşlərin getdiyini bildirib. Məlumatda ötən 24 saat ərzində 40 hərbi toqquşmanın olduğu bildirilir.

Ukraynanın hərbi rəhbərliyi bildirib ki, Ukrayna qoşunlarının irəlilədiyi Berdyansk və Melitopol istiqamətlərində də şiddətli döyüşlər gedir.

Ukrayna ordusu həmçinin Rusiya qüvvələrinin iyulun 3-də gün ərzində 56 hava hücumu və 77 reaktiv yaylım atəşi sistemi təşkil etdiyini və hücumlar zamanı dəqiqləşdirilməmiş sayda mülki vətəndaşın öldüyünü və yaralandığını bildirib.

Bu məlumatlar Rusiyanın Ukraynanı Moskva və ətraf ərazilərə paytaxtın Vnukovo hava limanında uçuşlar və enişlərin müvəqqəti məhdudlaşdırılması ilə nəticələnmiş pilotsuz təyyarələrlə hücumda ittiham etdiyi vaxt verilir.

XS
SM
MD
LG