Accessibility links

Rejissor Kəmal Təbrizi: İran kinosunun fars dilinin inhisarında olmasına qarşıyam


Kəmal Təbrizi, kinorejissor
Kəmal Təbrizi, kinorejissor

İranın məşhur rejissoru Kəmal Təbrizi İranda filmlərin fars dilinin inhisarında olmasına qəti şəkildə qarşı olduğunu ifadə edib. Tehran sakini olan Təbrizi bu sözləri Təbriz şəhərində qatıldığı bir mətbuat konfransında dilə gətirib.

Rəsmi dövlət agentliyi İRNA-ya istinadən təcrübəli kinoressijor bugünkü İran toplumunda müxtəlif etnik icmaların dillərində film istehsalına ehtiyac olduğunu vurğulayıb.

64 yaşlı kinorejissorun 1980-ci illərdən bəri çəkdiyi təqribən 20 uzunmetrajlı film İranda böyük ekranlara çıxıb. O, filmlərinin hamısını fars dilində çəkib.

Təbrizi mətbuat konfransında "öz yurduna olan borcunu" lazımi qədər yerinə yetirmədiyini dilə gətirib:

"Sənət və kino fəaliyyətləri göstərdiyim illərdə Təbrizə etinasızlıq etmişəm. Bu boşluğu qısa zamanda doldurmağa çalışacağam. Bəlkə də Tehranda yaşadığım üçün bu mövzuya yetərincə diqqət edə bilməmişəm."

Məşhur 'Kərtənkələ' filminin rejissorunun sözlərinə görə, "bütün kinofilmlərin ölkənin rəsmi dilində olmasında israr etmək İranda mövcud olan müxtəlifliyi rədd etmək deməkdir. Kinofilmlərdə məsələn türk olan bir xarakteri farsca danışmağa məcbur etmək heç bir şəkildə doğru və məntiqə uyğun deyil. Etnik qrupların dillərində filmlər çəkib və altyazılardan istifadə etmək mümkündür."

Təbrizi son vaxtlar qeyri-fars dillərdə çəkilən filmlərin bu sahədə bəzi həqiqətləri üzə çıxardığını deyib. O, o cümlədən keçən illərdə mübahisələr yaradan türkdilli Atabay filminə diqqət çəkib.

Tanınmış rejissor və aktyor Hadi Hicazifərin ssenarist və baş rol oyunçusu olduğu “Atabay” filmi 2022-ci ilin fevral ayında 38-ci Fəcr Festivalında mübahisələrə yol açmışdı. Hicazifər filmin türkcə çəkilməsinə etiraz edən jurnalisti “faşist düşüncəli” adlandırmışdı.

XS
SM
MD
LG