Accessibility links

Rüfət Səfərov: Söyüdlü sakinlərinin sağlam və təhlükəsizlik şəraitdə yaşamaq hüququ pozulub 


Rüfət Səfərov-Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru
Rüfət Səfərov-Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə Söyüdlü hadisələrində zərərçəkmiş şəxslərin hüquqlarının müdafiə mexanizmlərindən danışıb.

Amerikanın Səsi: Rüfət bəy Söyüdlü hadisələrinin hüquq müdafiəsi sahəsində vətəndaş cəmiyyətləri, hüquq müdafiə təşkilatları hansı işləri görüb? Bu işləri qanedici hesab etmək olarmı?

Rüfət Səfərov: Söyüdlüdə baş verən hadisələrlə bağlı “Müdafiə Xətti” insan haqları təşkilatı olaraq dərhal zərərçəkmiş şəxslərlə, qurbanlarla, kənd əhlalisi ilə ünsiyyətə keçdik. Onlara hüquqi xidmət təklif etdik. Sonuncu dəfə kənd sakinlərindən biri dörd gün idi ki, itkin düşmüşdü. Harada saxlanıldığı bilinmirdi. Şəxsin atası, həyat yoldaşı, anası müraciət etdi. Ölkə ictimaiyyətini məlumatlandırdıq. Çox təəssüf ki, qısa müddət sonra həmin ailə bizimlə əlaqə saxlayıb bu məsələləri ictimailəşdirməməyimizi, hər hansı bir hüquqi xidmət göstərilməsindən imtina etməyimizi bildirdi. Onu da bildirim ki, Söyüdlü hadisəsi ilə bağlı Azərbaycan cəmiyyətində ilk məlumatı yayanlardan biri mən özüməm. Çünki həmin kəndin sakinləri hadisələrin lap öz pik nöqtəsinə çatdığı zaman bizimlə əlaqə saxlamışdılar. Əlbəttə, biz bunu Azərbaycan cəmiyyəti ilə bölüşmüşdük. Eyni zamanda, artıq işçi qrupu da formalaşmışdı. Vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin, fəalların hesabına formalaşmış işçi qrupu artıq Söyüdlü əhalisinə öz xidmətlərini təklif edib. Bildiyim qədər apellyasiya şikayətinin hazırlanması ilə bağlı da zərəçəkmiş şəxslərə müraciətlər olunub. Amma çox təəssüf ki, bundan imtina edilib. Əlbəttə, indiki halda mən kənd əhalisini qınamıram. Bu vəziyyətdə qınanılası əsas dairələr inzibati orqanlardır. Repressiv tədbirləri həyata keçirən administrativ strukturlardır.

Rüfət Səfərov: Söyüdlü sakinlərinin sağlam və təhlükəsizlik şəraitdə yaşamaq hüququ pozulub
please wait

No media source currently available

0:00 0:07:03 0:00

Amerikanın Səsi: Rüfət bəy yerli mətbuatda qeyd edilir ki, Söyüdlü kəndində baş verənlərdən sonra yeni həbslər başlayıb. Baxmayaraq ki, rəsmi qurumlar bu barədə heç bir məlumat vermir.

Rüfət Səfərov: Bizdə olan məlumata görə, sırf sosial, ekoloji problemlər üzərindən etiraz edən zaman saxlanılan Söyüdlü sakinlərinə ağır və pis rəftarlar, işgəncələr tətbiq olunub. On bir nəfər kənd sakini saxlanılıb. Onların 8-i inzibati qaydada həbs edilib. Yerdə qalan 3-ü isə ənənəvi və növbətçi ittihamarla, yəni narkotik maddələrinin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunub. Təəssüf ki, bu gün bizim kommunikasiyamız çox əngəllə müşayiət olunur. Kəndə giriş və çıxış məhdudlaşdırılıb. Son məlumatlar bundan ibarətdir. Qeyd etdiyim kimi, bütün təşəbbüslərimiz və müraciətlərimiz cavabsız buraxılır. Hətta sonuncu dəfə mən bəzi ailələrlə əlaqə saxlayarkən, mənim özümlə sərt qaydada danışdılar və bildirdilər ki, hüquq müdafiəçiləri ilə, vəkillərlə, müxalif çevrələrlə, media mənsubları ilə əlaqə kəndin vəziyyətini daha da ağırlaşdırır. Əlbəttə ki, kənd əhalisi ilə şantaj, təhdid və təzyiq altında davranırlar. Bu bütövlükdə Azərbaycanda zorakılığa, şiddətə, repressiv üsul və alətlərə söykənən bir idarəçilikdən xəbər verir. Söyüdlüyə qədər də Azərbaycan təcrübəsində bir neçə belə hadisələr olub. Biz xatırlayaq Naxçıvanı, Saatlını, Nardaranı, Tərtəri və s. Hakimiyyət dairələri eynisini tətbiq eləyib. Yəni, belə demək mümkündürsə bir neçə “Söyüdlü” hadisəsi Azərbaycanda baş verib. Adların fərqi var. Məzmun isə eynidir. Hakimiyyət isə izolyasiya etmək, həbs etmək, zorakılıq və şiddətlə cavab verib.

Amerikanın Səsi: Kəndə girişə qoyulan məhdudiyyətlərin hüquqi əsasları varmı? Vətəndaşların konstitusion hüquqları ilə bağlı məhkəmələrə müraciət etmək mümkündürmü?

Rüfət Səfərov: Bununla bağlı mənim ayrıca şərhim olub. Şübhəsiz ki, indiki halda insanların konstitusion hüquqları pozulub. Azadlıq hüququ pozulub. Sanki elan olunmamış fövqəladə vəziyyətdən bəhs olunur. Kəndə giriş-çıxış belə məhdudlaşdırılbsa, bu artıq elan olunmamış vəziyyətdir. Şübhəsiz ki, hakimiyyət dairələri indiki halda bunları edərkən qanunun normalarına və hüquqa əsaslanmır. Söyüdlü hadisələri fonunda deyə bilərəm ki, kənd əhalisinin bir neçə ciddi konstitusion hüquqları pozulub. Sağlam mühitdə yaşamaq hüququ, təhlükəsizlik şəraitdə yaşamaq hüququ, sərbəst toplaşmaq azadlığı hüququdur ki, bunlar kobud şəkildə pozulub. Ölkənin daxilində bunlar mübahisələndiriləcək. Əgər zərərçəkmiş şəxslərin bununla bağlı razılığı varsa. Düşünürəm ki, işi Avropa məhkəməsinədək daşımaq vacibdir. Biz hüquq müdafiəçilərinin hazırda başlıca məşğul olduğu iş budur ki, Söyüdlü insanlarını inandıraq ki, bizim onlara təmənnasız hüquqi xidmət yardım etmək fikrimiz var. İndi bilmirik, biz o qorxunu yenə biləcəyik ya yox. Bu zamana bağlıdır.

Xatırlatma

Bu, Rüfət Səfərovun fikirləridir. Azərbaycan hökuməti ona qarşı irəli sürülmüş ittihamları qərəzli hesab edir. Rəsmi Bakı ölkədə insanların fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG