Accessibility links

Riçard Hoqland: ABŞ və Avropa İttifaqının əsas marağı Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır


Riçard Hoqland: ABŞ və Avropa İttifaqının əsas marağı Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır
please wait

No media source currently available

0:00 0:07:36 0:00

Riçard Hoqland: ABŞ və Avropa İttifaqının əsas marağı Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır

Riçard Hoqland: ABŞ və Avropa İttifaqının əsas marağı Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır

İyulun 15-də Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin altıncı üçtərəfəli görüşündən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel danışıqlarda Azərbaycan və Ermənistanın ən əhatəli və gərgin mərhələdən keçdiyini qeyd edib. Üçtərəfli görüş iyunun sonunda ABŞ-da dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının ikinci raundundan sonra baş tutub. Blinken Azərbaycan və Ermənistanın sülhə yaxın olduğuna inandığını bildirib. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə keçmiş köməkçisinin müavini vəzifəsində çalışmış səfir Riçard Hoqland Avropa və İttifaqı və Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində səyləri haqda danışıb.

Amerikanın Səsi: Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ölkə arasında münaqişəyə son qoymaq üçün son səylər çərçivəsində üçtərəfli danışıqlar aparıb. Üçtərəfli görüşün yekunlarına dair bəyanatında Şarl Mişel müzakirələri səmimi və açıq adlandırıb və real irəliləyişə nail olmaq üçün yaxın gələcəkdə əlavə addımların atılmasının vacibliyini vurğulayıb. Brüsseldəki görüş ABŞ-ın sponsorluğu ilə iyun ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Vaşinqtondan kənarda keçirilən danışıqların ardınca baş tutub və bu danışıqlarda dövlət katibi Blinken ABŞ-ın Qarabağda uzunmüddətli sülhün əldə olunmasına davamlı dəstəyini ifadə edib. Siz Avropa İttifaqı və ABŞ-ın regiona sülh gətirmək üçün bu son səyləri barədə nə düşünürsünüz?

Riçard Hoqland: İlk növbədə, bu vacib məsələ haqqında danışmaq imkanına görə təşəkkür edirəm. Düşünürəm ki, həm Avropa İttifaqı, həm də Vaşinqtonun bu məsələ ilə məşğul olması çox, olduqca müsbət haldır, çünki bununla iki ölkə liderlərinə həqiqi və davamlı sülhə nail olunması istiqamətində bir araya gəlmələri üçün beynəlxalq podiumdan istifadə etmək imkanı verilir. Bu, çox mürəkkəb bir prosesdir. Bu, onilliklər deyil, deyə bilərəm, əsrlərdir davam edən münaqişədir, etnik münaqişədir və iki liderin həqiqi və davamlı sülh axtarmağa hazır olması çox müsbət haldır.

Amerikanın Səsi: Bir çox müşahidəçilər Birləşmiş Ştatların hər iki tərəfə yekun sülh razılaşmasının əldə edilməsində artan rolunu alqışlayırlar. Dövlət katibi Blinken prosesdə birbaşa iştirak edərək, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ikitərəfli və üçtərəfli görüşlər keçirib. Sizin fikrinizcə, ABŞ və Avropa İttifaqı prosesə daha çox cəlb olunduqca, bu əməkdaşlıq Azərbaycan və Ermənistanın həll yolunu tapmasına necə kömək edəcək?

Riçard Hoqland: Düşünürəm ki, hazırda baş verənlərlə bağlı yadda saxlanmalı vacib məsələ ondan ibarətdir ki, nə Brüsselin, nə də Vaşinqtonun bu münaqişədə xüsusi maraqları yoxdur. Onların xüsusi marağı regionda sülhdür. Bizim hərbi bazalarımız yoxdur. Avropanın heç bir hərbi bazası yoxdur və buna görə də bu, illərdir həll olunmayan məsələni həll etmək üçün real bir səydir.


Amerikanın Səsi: Brüsseldə keçirilən danışıqlardan sonra Rusiya bəyanat yayaraq, Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsi kimi tanınmasının 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmaların şərtlərini əsaslı şəkildə dəyişdiyini bildirib. Azərbaycan Moskvanın açıqlamaları ilə bağlı narazılığını bildirib və Rusiyanı atəşkəs razılaşmasını yerinə yetirməməkdə ittiham edib. Bəzi ekspertlər Rusiyanın açıqlamasını qeyri-adi hesab edirlər. Rusiyanın bəyanatı və Moskvanın niyyətləri barədə nə söyləyə bilərsiniz?

Riçard Hoqland: Mən Rusiyanın bəyanatını oxudum və deyə bilərəm ki, Azərbaycanın beynəlxalq ərazi bütövlüyünün tanımaması istisna olmaqla, ilk baxışda o qədər pis görünmür. Düşünürəm ki, bir anlığa geri çəkilib Dağlıq Qarabağın və ya Qarabağın Sovet İttifaqının süqutundan sonra ən uzun sürən münaqişələrdən biri olduğunu xatırlamağımız çox vacibdir. Moskva bu uzun sürən münaqişələrin həllini istəmirdi, çünki bu, həmin ölkələrə beynəlxalq tərəfdaşlarının kimin olmasının lazım olduğunu yenidən qiymətləndirmək üçün qapı aça bilərdi. Mənim fikrimcə, Rusiya iki ölkənin özünün Brüssel və Vaşinqton kimi bitərəf kənar ekspertlərin köməyi ilə yekun razılığa gəlməsinə kömək etdikdə kənarda qalacağından qorxur. Mən tam əminəm ki, Rusiya bu uzun sürən münaqişə ilə bağlı yekun razılığın əldə olunmasını istəmir.


Amerikanın Səsi: Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin Rusiyanın sazişlərin icrasını müzakirə etmək üçün xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə və bunun ardınca sülh müqaviləsinin imzalanması üçün sammitin keçirilməsinə hazır olduğu bildirilir. Hazırkı mərhələdə Moskvanın prosesdə rolu nədən ibarətdir? Bununla yanaşı, Rusiyada bu yaxınlarda Vaqner qiyamının Moskvanın Cənubi Qafqazdakı fəaliyyətinə necə təsir edəcəyi hələ aydın deyil. Sizin bu barədə fikriniz nədir?

Riçard Hoqland: Bir daha düşünürəm ki, biz Kremldən Rusiya Xarici İşlər Nazirliyindən, Sergey Lavrovun dilindən gələn sözlərdən kənara baxmalıyıq. Bəli, onlar ictimaiyyət qarşısında gözəl səslənən şeylər söyləyə bilərlər. Onlar deyə bilərlər ki, biz düzgün istiqamətdə irəliləyirik. Amma həqiqətən də işə çatanda bu sual qalır: Rusiya həqiqətənmi Ermənistan və Azərbaycan arasında yekun sülh nizamlanmasını istəyir? Düşünürəm ki, sualın cavabı aydındır. Mən Rusiyanın bunu həqiqətən istədiyinə əmin deyiləm. Çünki biz bunu dəqiq bilirik. Məsələn, bu yaxınlarda Ermənistanın yüksək səviyyəli rəsmisi Vaşinqtonda idi. Mənim yalnız bir neçə başqa ekspertin iştirak etdiyi qapalı iclasda onunla görüşmək imkanım oldu və o, Ermənistanın Qərbdə yeni tərəfdaşlar tapmasının hazırda nə qədər vacib olduğunu qeyd etdi.
Mən ehtiyat edirəm ki, bu, Rusiyanın çox da xoşuna gəlməyən bir şeydir.

Amerikanın Səsi: Səfir Hoqland, siz bu yaxınlarda Azərbaycandan qayıtmısınız. Əvvəlki söhbətimizdə siz Xəzər dənizi üzərindən yeni kommunikasiyaların qurulması və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi sahəsində böyük potensialdan bəhs etmişdiniz. Azərbaycana bu sonuncu səfəriniz zamanı müşahidə etdiyiniz hər hansı yeni inkişaflar barədə fikirlərinizi bölüşə bilərsinizmi?

Riçard Hoqland: Bu gözəl suala görə təşəkkür edirəm. Bəli, mən keçən həftə Bakıda ABŞ-ın Milli Müdafiə Universitetinin sponsorluğu ilə Vaşinqtonda Xəzər Siyasət Mərkəzi ilə birgə keçirilən beynəlxalq konfransda iştirak etdim. Burada Mərkəzi Asiya, həm Cənubi Qafqaz, Türkiyə və Hindistandan ekspertləri bir araya gəlmişdi. Bizim təkrar-təkrar eşitdiklərimiz Xəzər boyu bu yeni prosesə başlamağın təkcə hökumətlər üçün deyil, insanlar və araşdırma mərkəzlərinin ekspertləri üçün nə qədər vacib olduğundan ibarət idi. Çünki indi insanların indi heç vaxt mövcud olmayan əlaqələri qurmaq yollarının olduğunu başa düşdüyü proseslər baş verir. Və bu proses davam edərsə, bu, regionun tarixində böyük dəyişiklik olacaq. Məncə, bu, çox, olduqca müsbət haldır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG