Accessibility links

Ukrayna Səudiyyə Ərəbistanında danışıqlarda sülhə doğru irəliləyişə ümid bəsləyir


Russia Ukraine War
Russia Ukraine War

ABŞ, Çin və Hindistan da daxil olmaqla 40-ya yaxın ölkənin yüksək səviyyəli rəsmiləri şənbə günü Səudiyyə Ərəbistanında Kyiv və onun müttəfiqlərinin Rusiyanın Ukraynada müharibəni dayandırması üçün əsas prinsiplər üzrə razılaşmaya gətirib çıxaracaq imkan olacağına ümid etdiyi danışıqlara başlayıblar.

İki günlük görüş Ukraynanın təkcə əsas Qərb tərəfdaşlarından deyil, həm də qlobal iqtisadiyyata təsir edən müharibədə tərəf tutmaq istəməyən Qlobal Cənub ölkələrindən dəstək qazanmaq üçün diplomatik səylərinin bir hissəsidir.

Görüşlərdə 40-a yaxın ölkənin təmsil olunacağı gözlənilir, lakin Rusiya ilə sıx iqtisadi və diplomatik əlaqələr saxlayan və indiyədək müdaxiləni pisləmək üçün beynəlxalq çağırışları rədd edən Çin tərəfindən dəstəyin verilməsi ən böyük diplomatik uğur olardı.

Çin Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukraynada sülh yolu ilə nizamlanmanın əldə edilməsi üzrə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddə danışıqlarında iştirak edəcək.

Çin iyunun sonunda Kopenhagendə keçirilən danışıqların əvvəlki raunduna dəvət edilsə də, orada iştirak etməyib.

Ukrayna və onun müttəfiqləri Ciddə sammitinin Ukraynada sülh planına qlobal dəstəyin artırılmasına kömək edəcəyinə nikbinliklə baxırlar.

Prezident Zelenski cümə günü video müraciətində Ciddədəki müzakirələrin bu payızda dünya liderlərinin iştirakı ilə keçiriləcək “sülh sammiti” üçün zəmin yaradacağına ümid etdiyini bildirib. Məqsəd Zelenskinin sülh nizamlanması üçün 10 bəndlik formuluna əsaslanan prinsiplərin dəstəklənməsindən ibarətdir.

“Dünyanın bunu görməsi çox vacibdir: Rusiya təcavüzünə ədalətli və vicdanla son qoyulması dünyada hamının xeyrinə olacaq. Hamının!” Zelenski gecə saatlarında video müraciətində deyib.

“Ukrayna torpaqlarının işğalçılardan azad edilməsi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam hörmətin bərpası deməkdir. Rusiyanın Ukrayna və qlobal təhlükəsizliyə yaratdığı bütün təhdidlərin aradan qaldırılması beynəlxalq münasibətlərə sülhün və qlobal həyata sabitliyin qaytarılması deməkdir. Mən sülh formulunu dəstəkləyən və formulun tam şəkildə həyata keçirilməsi üçün artıq birgə səylərə qoşulmuş hər kəsə minnətdaram”, o əlavə edib.

Ciddə sammitində əsas müzakirələrin şənbə və bazar günləri baş tutacağı gözlənilir.

Rusiya bu həftə sonu danışıqlarda və ya payızda planlaşdırılan sammitdə iştirak etməyəcəyini bildirir.

Ukrayna Qərb dəstəkçilərindən başqa Braziliya, Hindistan, Cənubi Afrika da daxil olmaqla daha çox Qlobal Cənub ölkələrindən diplomatik dəstək almağa ümid edir.

Bildirildiyinə görə, Ukraynanın bu ölkələrdən dəstək almaq strategiyasının bir hissəsi Rusiyanın keçən ay BMT-nin vasitəçiliyi ilə Qara dəniz taxıl sazişindən çıxmasından və Ukraynanın liman obyektlərinə hücumlara başlamasından sonra ərzaq qiymətlərinin necə artdığını vurğulamaqla bağlı olacaq.

Münaqişənin bu aspekti ABŞ dövlət katibi Antoni Blinken üçün əsas prioritet məsələ olub. Blinken cümə axşamı Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı bütün ölkələri Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından sonra Moskvaya Qara dənizdən şantaj kimi istifadə etməyi dayandırmasını söyləməyə çağırıb.

Forum

XS
SM
MD
LG