Accessibility links

ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun işini yaxından izləyir


state department
state department

"ABŞ Dövlət Departamenti çərşənbə günü bildirib ki, azərbaycanlı iqtisadçı və hökumətin tənqidçisi Qubad İbadoğlunun işini “diqqətlə izləyir”.

Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Washington Post”un son redaktor məqaləsini TURAN agentliyinin sualınışərh edərkən deyib:

“Mən xüsusi diplomatik danışıqların məzmununu açıqlamayacağam, lakin biz bu həbsi diqqətlə izləyirik.Biz insan hüquqlarının və əsas azadlıqların təşviqinə qəti sadiq qalırıq və Azərbaycanı Azərbaycan konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq", - Metyu Miller davam edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Forum

XS
SM
MD
LG