Accessibility links

Vəkil: Nazim Bəydəmirli özünü "ekologiya məhbusu" hesab edir


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Vəkil Aqil Layic avqustun 10-da hüquqlarını müdafi elədiyi Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşüb.

Bu barədə vəkil Aqil Layıc facebook səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, Nazim Bəydəmirli özünü "ekologiya məhbusu" hesab edir .

Aqil Layıc deyir ki, Nazim Bəydəmirli həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrlə bağlıdır və ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır.

“Qeyd etdi ki, Gədəbəydə qızıl zavodunun açılışı zamanı şəxsən ölkə başçısının tapşırığı ilə açılışda iştirak edib. Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür. Əgər onun təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır.

Ölkə başçısına müraciət edərək bəyan edir ki, onun Söyüdlü ilə bağlı hadisələrdə heç bir əlaqəsi olmamışdır və ona verilən informasiya düzgün deyildir”, o qeyd edib..

Penitensiar Xidmətdən hələlik mövqe almaq mümkün olmayıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçiləri keçmiş deputatın həbsini siyasi hesab edir və onun Gədəbəy rayonunun Söyüdlü kəndinədəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədirlər.

Forum

XS
SM
MD
LG