Havay İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsi (OCP) Maui adasında bütün məhsulların qiymətini dondurub. Buna səbəb isə adaya dağıdıcı təsir göstərən meşə yanğınlarıdır. Son məlumatlara əsasən yanğın nəticəsində 55 nəfər ölüb, ən azı 1000 nəfər isə itkin düşüb. Rəsmilər ölənlərin sayının artacağını bildiriblər.
OCP-nin bəyanatında deyilir ki, "fövqəladə vəziyyət elanı ləğv edilənə və ya əvəz edilənə qədər" qiymətlərin dondurulması ən azı ayın sonuna qədər qüvvədə olacaq.
Qiymətlərin dondurulması o deməkdir ki, əmtəələr fövqəladə vəziyyətdən əvvəlki qiymətlərlə satılmalıdır. OCP-nin məlumatına görə, qiymətləri dondurulan əşyalara qida, su, buz, benzin, yemək yanacağı, batareyalar, generatorlar, tibbi ləvazimatlar və tikinti materialları daxildir.
Rəsmilər deyirlər ki, adanın yanğından sonra dirçəlməsi üçün illər və milyardlarla dollar lazımdır. Mauinin tarixi kurort şəhəri Lahayna demək olar ki, külə çevrilib. Qubernator Josh Green şəhərə ilk baxışdan sonra Lahayna "faciəli şəkildə əldən getdiyini" bildirib.
"Lahaynadakı dağıntıların tam miqyasını görəndə, bu səni sarsıdacaq. Sanki şəhər bombalanıb sonra isə yanıb" deyə Josh Green əlavə edib.
Green həmçinin otel və ev sahiblərini yanğında hər şeyini itirmiş adanın bəzi sakinlərini evlərində qəbul etməyə çağırıb.
Lahaynadakı bir biznes sahibi olan Tiffany Kidder Winn Associated Press-ə bildirib ki, şəhər "müharibə zonasına bənzəyir, hər şey tamamilə məhv olub".
Maui meri Riçard Bissen cümə axşamı bildirib ki, Lahaynadakı fövqəladə hallar işçiləri hələ də yanğında ölənlərin yerini və şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırlar. O, evlərinə ziyan dəyməyən insanlara çağırış edərək xahiş edib ki, “Biz həlak olanları müəyyən etməyənə qədər evlərinə qayıtmasınlar”.
Rəsmilərin gözləntisi budur ki, Maui adasında baş verən yanğınlar 1961-ci ildə Böyük Adada 61 nəfərin ölümünə səbəb olmuş sunamidən sonra bölgədə ən ölümcül təbii fəlakət sayılır.
Forum