Accessibility links

Belqorod vilayətindəki sanatoriyaya dron hücumu nəticəsində 3 nəfər ölüb


Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Valuyski rayonunun Lavı kəndindəki sanatoriyaya pilotsuz uçuş aparatı ilə hücum nəticəsində 3 nəfərin öldüyünü bildirib.

Rəsminin dediyinə görə, dron partlayıcı qurğunu sanatoriyaya insanlar küçədə olarkən atıb.

Qladkov Telegram kanalında "İki kişi aldığı yaralardan yerində ölüb. Həkimlər qurbanlardan birinin həyatı üçün sona qədər mübarizə aparsalar da, xəsarətlər onun həyatda qalmasına imkan verməyib" yazıb.

Qubernatorun sözlərinə görə, bu, təkrar hücum olub. Belə ki, bir neçə saat əvvəl pilotsuz təyyarədən iki qumbara atılıb. Partlayış nəticəsində sanatoriyanın binasının şüşələri sınıb, qarşı tərəfi zədələnib. Ölən və yaralananlar olmayıb.

Baza Telegram kanalı bir gün əvvəl Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Belqorod vilayətinin Qolovçino kəndi yaxınlığında təyyarə tipli pilotsuz uçuş aparatını vurduğunu yazıb. İlkin məlumatlara görə, dron 700 metr yüksəklikdə uçub.

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod, Bryansk və Kursk vilayətlərinin hakimiyyət orqanları mütəmadi olaraq atəşə tutulduğunu bəyan edib. Onlar hücumlara görə Ukrayna ordusunu günahlandırır. Ukrayna rəhbərliyi hücumlarla bağlı şərh verməyib.

Forum

XS
SM
MD
LG