Accessibility links

Azərbaycan Fransaya etiraz notası təqdim edib


Azərbaycan Xarici İşlər Nazirliyi (foto arxiv -VOA)
Azərbaycan Xarici İşlər Nazirliyi (foto arxiv -VOA)

Avqustun 31-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Məlumatda deyilir ki, görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin etiraz notası Fransa səfirinə təqdim edilib.

Nazirliyin bəyanatında qeyd edilir ki, Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, "ölkənin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir".

“Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir" , açıqlamada deyilir.

Məlumatda qeyd olunub ki, Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin bu bəyanatına Rəsmi Fransa hələlik açıqlama verməyib.

Xatırladaq ki, Fransadan paytaxtı Parisdə və bir neçə digər böyük şəhərlərdə toplanan 10 yük maşınından ibarət humanitar yardım konvoyu avqustun 30-da Ermənistanın Azərbaycanla sərhəsdinə gəlib. Humanitar yardım konvoyuna Paris şəhərinin meri Ann İdalqo, Fransanın digər bir neçə şəhərinin meri, habelə Fransanın seçkili orqanlarının nümayəndələri qatılıb.

“Parisin və digər icmaların rəsmiləri ilə birlikdə Ermənistandayıq. Artıq 9 aydır Artsaxda (Qarabağ) yaşayan 120 min erməni, o cümlədən 30 min uşaq təcrid olunmuş, ac və hər şeydən məhrum edilmiş vəziyyətdədir. Biz humanitar fəlakətlə üz-üzə olan insanlara təcili yardım göstəririk”, Ann İdalqo öz “X” (keçmiş Twitter) səhifəsində yazıb.

Paris meri daha sonra Ermənistan və Azərbaycan sərhədində olduqlarını, humanitar yükün buraxılmadığını qeyd edib.

Digər tərəfdən avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə 40 ton un məmulatlarından ibarət humanitar yardım gətirib.

Qarabağın erməni sakinlərinin nümayəndələri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın yardımını qəbul etməyəcəklərini bildirib və hazırda bu yolu bağlayaraq aksiya keçirir.

Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan liderlərinə zəng edərək regionda vəziyyəti müzakirə edib.

Rəsmi məlumata görə, İlham Əliyev telefon söhbəti zamanı Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını və bundan siyasi manipulyasiya məqsədilə istifadə edildiyini bildirib. Prezident Laçın yolunun açılmasını istisna etməyib.

“Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”, İlham Əliyev qeyd edib.

Azərbaycan bu ilin aprel ayında Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı keçid məntəqəsində yerli erməni əhalinin və yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradıldığını qeyd edib.

İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyulda Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

BQXK 18 avqustda yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkə və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG