Accessibility links

Blinken və Əliyev Qarabağda vəziyyəti müzakirə edib


ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan prezidenti İlham Əliyev
ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan prezidenti İlham Əliyev

Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsilə bağlı ABŞ-ın narahatlığını ifadə etmək üçün Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.

Bu barədə sentyabrın 6-da Dövlət Departamentinin məlumatında deyilir.

“O, [Dövlət katibi Blinken] Azərbaycandan əlavə marşrutların açılmasının vacibliyini nəzərə alaraq, Laçın dəhlizinin humanitar, kommersiya və sərnişin daşınması üçün yenidən açmaq çağırışımızı təkrarladı. Dövlət katibi dialoq və kompromislərin zəruriliyini və tərəflər arasında etimadın yaradılmasının vacibliyini vurğulayıb. O, ABŞ-ın sülh prosesinə dəstəyini davam etdirəcəyinə söz verib”, məlumatda deyilir.

Öz növbəsində, Azərbaycan Prezident Administrasiyasının məlumatında sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev arasındakı telefon danışığı zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldığı deyilir. Rəsmi məlumatda qeyd edilir ki, prezident Əliyev Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla biləcəyini bildirib.

“Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir”, məlumatda deyilir.

Xatırlatma

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.

BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib.

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliyinin "siyasi manipulyasiyalarını" göstərib.

Forum

XS
SM
MD
LG