Accessibility links

Aİ, Türkiyə, Ukrayna və Moldova Qarabağda "seçkiləri" tanımadıqlarını bildiriblər


Belgium, Brussels, EU Flag
Belgium, Brussels, EU Flag

Avropa İttifaqı, Türkiyə və digər bir neçə ölkə bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının keçirdiyi “prezident seçkilərini” tanımadıqlarını bildiriblər.

Avropa İttifaqının xarici məsələlər üzrə sözçüsü Nabila Massrali qeyd edib ki, “sentyabrın 9-u Xankəndində/Stepanakertdə keçirilən sözdə seçkiləri nəzərə alaraq, Avropa İttifaqı seçkilərin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığını bir daha bəyan edir”.

Aİ həmçinin Qarabağ ermənilərinin rəsmi Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir olan və buna hazır olan liderlik ətrafında birləşməsinin vacib olduğunu və bu prosesi dəstəkləməyə sadiq olduğunu bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir dövrdə keçirilən “seçkini” pislədiyini və bunun sülh prosesinə zərbə vurduğunu bildirib.

“Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır”, bəyanatda qeyd edilir.

Türkiyə BMT və beynəlxalq ictimaiyyəti “qeyri-legitim seçkini” tanımamağa çağırıb, habelə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəklədiyini, tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə böyük töhfə verəcəyinə inandığını vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi də sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkilərini” pisləyib.

“Qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və seçkinin nəticələri etibarsızdır. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirir”, bəyanatda vurğulanıb.

Sentyabrın 9-u Moldova Xarici İşlər və Avropya İnteqrasiya Nazirliyi də oxşar bəyanat yayaraq, Qarabağ bölgəsində keçirilən “prezident seçkilərini tanımadığını, Moldovanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədiyini qeyd edib.

Azadlıq Radiosunun Ermənistan xidmətinin məlumatına görə, sentyabrın 9-u “Artsax Milli Məclisində” keçirilən gizli səsvermədə Samvel Şahramanyan “Artsax Respublikasının prezidenti” seçilib.

Rəsmi Bakı “Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması” olduğunu deyib.

“Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

​Azərbaycan həmçinin beynəlxalq ictimaiyyəti "beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qətiyyətlə pisləməyə" çağırıb.

Rəsmi Yerevan məsələ ilə bağlı hələlik heç bir reaksiya verməyib. Ermənistan Xarici İşlər Nazirliyi ötən gün yaydığı bəyanatında Ermənistanın Azərbaycanla bütün həll edilməmiş məsələlərin sırf siyasi və diplomatik yollarla həllinə sadiq qalmaqda davam etdiyini bildirib.

“Ermənistanın təxribatlar hazırlaması ilə bağlı deyilənlər tamamilə əsassızdır. Ermənistanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur, əksinə, biz gərginliyin azaldılması üçün əvvəllər təklif etdiyimiz mexanizmləri müzakirə etməyə hazırıq. Biz regionda sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistan Respublikasının ən qısa zamanda Azərbaycanla müzakirələrə davam etməyə hazır olduğuna dəvət edirik”, sənəddə qeyd edilib.

Ermənistan mediasının məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-u Fransa, Almaniya, İran və Gürcüstan liderləri ilə telefonda danışaraq regionda vəziyyəti müzakirə edib, gərginliyi azaltmaq üçün Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazır olduğunu ifadə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG