Accessibility links

Aİ Məhsa Əminin ölümünün ildönümündə İrana yeni sanksiyalar tətbiq edib


Avropa İttifaqı 22 yaşlı Məhsa Əmininin polis nəzarətində həyatını itirməsinin ildönümü ilə əlaqədar İrana qarşı yeni sanksiya paketini elan edib.

İttifaqın rəsmi jurnalında yayılan məlumata əsasən, Məhsa Əmininin ölümündən sonra başlayan etirazların “zorakılıqla yatırılması” çərçivəsində törədilən ciddi insan hüquqları pozuntularına görə daha 4 şəxsə və 6 quruma sanksiya tətbiq edilib.

Sanksiya siyahısına əlavə edilən şəxslər arasında İmam Əli Mərkəzi Təhlükəsizlik Qərargahında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini, habelə Mazandaran və Fars əyalətlərinin polis komandirləri yer alır.

Aİ İranın Kiberməkan Ali Şurasını əhalinin internetə çıxışını məhdudlaşdırmasına, Tasnim xəbər agentliyini propaqanda yaymaqda, o cümlədən etirazçıların saxta etiraflarını dərc etməkdə məsul görərək sanksiya siyahısına salıb. Bundan əlavə, siyahıda dörd İran həbsxanasının adı yer alıb.

“Bir il əvvəl 22 yaşlı qadın Məhsa Əmini İran əxlaq polisinin nəzarətində olarkən öldürülüb. Onun ölümü insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, qorumağa çağıran ümummilli hərəkata səbəb oldu. İran hakimiyyətinin bu etiraz dalğasına cavabı yüzlərlə insanın ölümünə, minlərlə haqsız həbslərə səbəb olan repressiya oldu. İranda fikir və ifadə azadlığı və digər vətəndaş azadlıqları kəskin məhdudlaşdırılıması davam edir, insan haqlarının vəziyyəti kritik olaraq qalır”, Aİ-nin Xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrell öz bəyanatında qeyd edib.

Hazırda İrandakı insan hüquqları pozuntularına görə tətbiq edilən sanksiyalar ümumilikdə 227 fiziki şəxsə və 43 quruma şamil edilir. Sanksiya edilən şəxslərin və qurumların aktivləri dondurulur, onların Avropa İttifaqına səyahət etməsi, vəsait və ya iqtisadi resursların verilməsi qadağan edilir. Aİ həmçinin daxili repressiya üçün istifadə oluna biləcək texnologiyaların və telekommunikasiyaların monitorinqi avadanlıqlarının İrana ixracına qadağa qoyub.

Sentyabrın 15-i ABŞ Maliyyə Nazirliyi də Məhsa Əmininin ölümündən sonra başlayan etirazları “zorakılıqla yatırması” ilə əlaqəsi olan iyirmidən çox fiziki şəxs və quruma sanksiya tətbiq etdiyini açıqlayıb.

Nazirlik bildirib ki, sanksiyalar 29 nəfər və qrup, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və İranın Hüquq-Mühafizə Qüvvələri və ya LEF-in 18 əsas üzvü, həmçinin İran Həbsxanalar Təşkilatının rəhbərini hədəf alıb. Onlar İranın internet blokadası ilə əlaqəsi olan rəsmiləri, eləcə də bir neçə KİV-i hədəf alır.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Kanada, Avstraliya və digər beynəlxalq müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə iranlıların öz insan haqlarını həyata keçirməsinə mane olanlara qarşı kollektiv tədbirlər görməyə davam edəcək", ABŞ Maliyyə Nazirliyinin Maliyyə Kəşfiyyatı və terrorizm məsələləri üzrə direktor müavini Brayan Nelson bildirib.

İranda Məhsa Əminin ölümü ilə əlaqədar ötən ilin sentyabrında başlayan ümumilli etirazlar aylarla davam edib. Etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılması nəticəsində 500-dən çox adam öldürülüb, 22 mindən çox adam saxlanılıb.

İran hökuməti, o cümlədən ali ruhani rəhbər Ayətullah Əli Xameneyi sübut təqdim etmədən iğtişaşları qızışdırmaqda Qərbi günahlandırıb.

Forum

XS
SM
MD
LG