Accessibility links

Ceyhun Bayramov Nyu Yorkda ikitərəfli görüşlər keçirməyi planlaşdırır


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə səfər zamanı nazir Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Yerli ekspertlər son zamanlar Azərbaycanın hökümətyönümlü mediasında Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı münasibətinin tənqid olunduğunun müşahidə edildiğini qeyd edirlər.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə şərhində bu tənqidlərin Azərbaycan-ABŞ münasibətlərinin pisləşməsinə gətirib çıxarmayacağına ümid etdiyini bildirib.

“Görünən odur ki, Azərbaycana Amerika tərəfindən ciddi təzyiqlər var. Təzyiqlər də onunla bağlıdır ki, Azərbaycan danışıqlar prosesində olmalıdır. Danışıqlar prosesindən çıxmamalıdır. Azərbaycan Laçın dəhlizini açmalıdır. Çünki bu dəhlizi bağladığı zaman danışıqlar prosesinə müsbət təsir etmir, problem yaradır. Hal-hazırda Amerikanın məqsədi odur ki, Ermənistanı Rusiyanın təsiri altından çıxartsın“, Azər Qasımlı deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün nəzərdə tutulmadığını bildirsə də ekspertlər görüşün mümkünlüyünü istisna etmir.

Ermənistan mətbuatı Nyu-Yorkda Bayramov və Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb.

Azər Qasımlı iki ölkənin xarici işlər nazirlərinin görüşü ilə bağlı ehtimalı əsaslı saydığını qeyd edib.

“Görüşün ehtimalı onunla bağlıdır ki, Paşinyan iqtidarı bir neçə gün bundan əvvəl açıq bəyan edib ki, Azərbaycan tərəfinə yeni təklifləriini verə biləcəklər. Təkliflər üzərində çalışırlar. Ola bilsin ki, ilkin müzakirəsi və yaxud bu təkliflərin Azərbaycan tərəfinə verilməsi iki xarici işlər nazirinin görüşü səviyyəsində və yaxud bu görüş zamanı baş tutsun. Amma bu görüş bir qərarvermə görüşü olmayacaq. Sadəcə informativ görüş olacaq”, o deyib.

Turan İnformasiya Agentliyinin analitiki Fərid Qəhrəmanov isə Amerikanın Səsinə deyib ki, ABŞ Azərbaycanla Ermənistanla arasında normallaşdırılma və sülh sazişinin imzalanmasında aktiv vasitəçilik missiyasını yerinə yetirir və iki ölkənin XİN rəhbərlərinin Nyu Yorkda görüşünün təşkili mümkündür.

“Bu görüş son həftələr iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması istiqamətində də bir addım olardı. Digər tərəfdən nazirlər arasında ABŞ vaşitəçiliyi ilə artıq 3-cü raund danaşıqlara hazırlıq baxımından da Nyu-Yorkda belə bir görüşün keçirilməsı mümkündür. Xatırlatmaq yerinə düşər ki, ABŞ Dövlət Departamentinin rəsmisi Lui Bono da ötən həftə Bakıda və Yerevanda görüşlər keçirib və heç şübhəsiz ki nazirlər səviyyəsinda növbəti raund danışıqlara hazırlıq məqsədi daşıya bilər. Bindan başqa, oktyabrın əvvəlində Qranadada (İspaniya) Avropa siyasi cameyəsi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsində nazirlər səviyyəsində təmaslar danaışıqlara hazırlıq baxımından əhəmiyyətli ola bilərdi”, Qəhrəmanov deyib.

Birləşmiş Ştatların Azərbaycana qarşı münasibətinin Azərbaycanın hökümətyönümlü mediasında tənqid olunmasına gəldikdə isə analitik ABŞ-la Azərbaycan arasında münasibətlərdə ciddi problemlər yaranmadığını düşünür.

“Regionda mövcud geopolitik durumda Azərbaycan Mərkəzi Asiyaya açılan qapı olaraq ABŞ üçün çox önəmli yer tutur. Bir var ritorika, bir də var səssiz diplomatiya vasitəsilə praqmatik maraqların irəli aparılması və burada Vaşinqtonun siyasətinin formalaşmasında Pentaqonun və Energetika Departamentinin mövqeləri ciddi nəzərə alınır. Bayramovun ABŞ rəsmiləri ilə mümkün görüşlərinə mən bu aspektdən yanaşardım. Əslində, ABŞ-la sağlam, qarşılıqlı faydalı münasibətlərin olması Azərbaycanın marağındadır və bu ölkəni daha böyük təhlükələrdən sığortalayır”, o deyib.

Forum

XS
SM
MD
LG