Accessibility links

Azərbaycan Qarabağda əməliyyatlara başladığını elan etdi


Azərbaycan ordusu sentyabrın 19-da Qarabağ regionunda "lokal xarakterli antiterror tədbirlərinə" başladığnı elan edib. Rəsmi Bakı hərbi əməlyyatları 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarının təmin olunmamaması və Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə əsaslandırıb.

Qarabağ səmalarında sirena və partlayış səsləri eşidildiyi anlarda regionun erməni təsmilçiləri Azərbaycanı təcavüz aktında ittiham edib. Ermənistan xarici işlər nazirliyi yaydığı bəyanatda Azərbaycanı Qarabağda "etnik təmizləmə" siyasətini bitirməyə cəhd etməkdə günahlandırıb.

Azərbaycan müdafiə nazirliyi bildirir ki, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Azərbaycan rəsmiləri mülki əhali və infrastruktur obyektlərinin hədəfə alınmadığında israr edir. Keçirilən əməliyyatlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyinin məlumatlandırıldığı bildirilir.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının informasiya mərkəzi Azərbaycanın keçirdiyi hərbi əməliyyat nəticəsində 25 nəfərin həlak olduğunu və 128 nəfərin yaralandığını bildirib. Məlumatda əlavə edilir ki, ölənlər arasında 2 nəfər mülki şəxs, yaralananlar arasında isə 12 nəfər uşaqdır.

Qarabağ erməniləri Azərbaycan hökumətini danışıqlar masasına çağırır

Tanınmamış Dağlıq Qarabağ Respublikasının informasiya mərkəzi Azərbaycan hökumətinə döyüşlərin dayandırılması üçün müraciət edib: "Qarabağ tərəfi Azərbaycan tərəfinə çağırış edir ki, vəziyyətin nizama salınması məqsədilə hərbi əməliyyatları dərhal dayandırsın və danışıqlar masası arxasına otursun."

Azərbaycan mətbuatı Azərbaycan Prezidentinin Administrasiyasının Qarabağ ermənilərinin müraciətinə cavab açıqlamasını yayıb. Açıqlamada Azərbaycan hakimiyyətinin Qarabağ erməniləri ilə Yevlaxda görüşə hazır olduğu deyilir. Bununla bərabər açıqlamada əlavə edilir ki, hərbi əməliyyatın dayandırılması üçün "qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır."

Mülki sakinlər təxliyə edilir

Qarabağda olan Rusiya sülhməramlıları təhlükəli yerlərdən 500-ə yaxın mülki sakinin təxliyə edildiyini bildiriblər. Əlavə edilir ki, təxliyə edilənlər arasında 185 uşaq var.

Tanınmamış Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Sergey Qazaryan beynəlxalq ictimaiyyəti Azərbaycanın "təcavüzünü" dayandırmaq üçün effektiv addımlar atmağa çağırıb. O, Azərbaycanı "anti-terror" əməliyyatlarına bəhanə qazandırmaq üçün saxta xəbərlər yaymaqda ittiham edib.

Özünü Qarabağın keçmiş dövlət naziri kimi təqdim edən Ruben Vardanyan Xankəndi şəhərinin kütləvi artilleriya atəşinə tutulduğunu bildirib.

Ermənistan mediası yerli sakinlərə istinadən bildirir ki, Qarabağda hava hücumu xəbərdarlığı elan edilib. Bölgənin mərkəzi şəhəri olan Xankəndində (Stepanakert) sakinlər bomba sığınacaqlarına gediblər. Hazırda əlaqə yaratmaq mümkün deyil. İnternet bağlantısı və telefon xidməti kəsilib.

Ermənistan xarici işlər nazirliyi yaydığı bəyanatda Azərbaycanı "irimiqyaslı təcavüzdə" və Dağlıq Qarabağda "etnik təmizləmə" siyasəti aparmaqda ittiham edib.

"Biz Azərbaycanın Dağlıq Qarabağ qarşı təcavüzə başlamasını və üç il öncə 2020-ci ilin sentyabrında Dağlıq Qarabağa qarşı irimiqiyaslı qüvvə tətbiqinin davamı olaraq kütləvi qəddarlıq cinayətinə başlamasını qəti şəkildə pisləyirik," bəyanatda bildirilir.

Paşinyan təhlükəsizlik şurasının iclasını keçirib

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə təhlükəsizlik şurasının iclası keçirilib. Rəsmi məlumata əsasən, toplantıda "Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı irimiqyaslı hərbi əməliyyatlar" müzakirə olunub.

Ermənistan hökumətinin verdiyi məlumata görə, baş nazir Paşinyan Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatlarla bağlı ABŞ dövlət katibi Antoni Blinken və Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb, döyüşlərin dayandırılması üçün beynəlxalq mexanizmlərin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Hərbi əməliyyat başladıqdan sonra Avropa İttifaqı, o cümlədən bir sıra ölkələr döyüşlərin dayandırılmasına və danışıqların davam etdirilməsi ilə bağlı çağırışlar ediblər.

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov brifinqdə bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən hərbi əməliyyatın davam etdiyini bildirib. Onun bildirdiyinə görə, keçirilən "tədbirlər" zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Eyvazov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq 82 və 120 millimetrlik minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirilib.

Bir gün öncə Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Qarabağ bölgəsinin erməni sakinlərinə humanitar yardım çatdırılıb.

Forum

XS
SM
MD
LG