Accessibility links

Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu


Sentyabrın 20-də Bakı vaxtı ilə saat 13-də Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib. Razılığa əsasən Qarabağın erməni nümayəndələri Azərbaycan hökumətinin əsas şərtlərini qəbul edib.

Azərbaycan Prezidentinin Administrasiyası bildirir ki, Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələri Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa və tam şəkildə tərksilah olunmağa razılıq veriblər. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilməsi barədə anlaşma əldə olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sentyabrın 20-də Xarici İşlər Nazirliyində keçirlən brifinqdə bildirib ki, Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək.

Sentyabrın 20-nə olan rəsmi məlumata görə, erməni hərbi birləşmələrinin 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat qənimət olaraq ələ keçirilib.

Öz növbəsində, Ermənistanın İnsan Hüquqları Komissiyasının məlumatında deyilir ki, Dağlıq Qarabağda atışma nəticəsində erməni tərəfindən 32 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Qarabağda hərbi qüvvə saxlamadığını israr edən Ermənistan hərbi münaqişədə iştirak etmədiyini bəyan edib. Rəsmi Yerevan Bakını Qarabağda etnik təzmiləmə siyasəti aparmaqda ittiham edib.

BMT Təhlükəsizlik Şurası sentyabrın 21-də Qarabağda baş verənlərlə bağlı növbədəkənar iclas keçirməyi planlaşdırır.

BMT Baş Katibi Antonio Quterreş savaşın dərhal dayandırılmasına və bütün tərəfləri regiona uzunmüddətli sülh gətirmək üçün səylərə diqqət cəmləməyə çağırıb.

ABŞ Dövlət katibi Antoni Blinken sentyabın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon danışığı zamanı Qarabağda hərbi əməliyyatları müzakirə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqladığı bəyanatda dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycanı Dağlıq Qarabağda hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırdığı bildirilir.

Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti zamanı Blinken Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib və ABŞ-ın Azərbaycanı dərhal hərbi əməliyyatları dayandırmağa və dərhal dialoqa qayıtmağa çağırdığını vurğulayıb.

"O, baş nazir Paşinyana ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib,” Metyu Millerin açıqladığı bəyanatda bildirilir.

Forum

XS
SM
MD
LG