Accessibility links

Rusiya ABŞ və Britaniyanı Krıma raket hücumunda Ukraynaya yardım etməkdə ittiham edir


Rusiya çərşənbə günü ABŞ və Britaniyanı keçən həftə Rusiyanın işğal etdiyi Krımdakı Qara Dəniz Donanmasının qərargahına hücumda Ukraynaya yardım etməkdə ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib ki, hücum “Qərb kəşfiyyat vasitələri, NATO peyk aktivləri və kəşfiyyat təyyarələri ilə əvvəlcədən planlaşdırılıb”.

Zaxarova həmçinin bildirib ki, ABŞ və Britaniya kəşfiyyatı raket zərbəsinin koordinasiyasına yardım edib.

ABŞ və digər Qərb tərəfdaşları Ukraynaya hərbi texnika və təlimlərlə yardım etsələr də, ABŞ rəsmiləri bundan əvvəl Ukraynanın Rusiyanın işğalına qarşı müdafiəsində birbaşa rol oynadığını inkar edib.

Rusiya ABŞ-ı may ayında Kremlə pilotsuz təyyarə ilə hücumda əli olmaqda ittiham edərkən, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu iddianı "gülünc" adlandırıb.

Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunan televiziya kanalı çərşənbə günü Rusiyanın Qara Dəniz Donanmasının başçısı, admiral Viktor Sokolovun donanmanın uğurla fəaliyyət göstərdiyini göstərən tarixsiz video yayımlayıb.

Sokolovun videosu Rusiya televiziyası ilə Ukrayna tərəfin Krıma endirilən raket zərbəsi nəticəsində onun həlak olduğu ilə bağlı iddiasından sonra ardıcıl ikinci gün nümayiş etdirilib.

Forum

XS
SM
MD
LG