Birləşmiş Ştatlar Şimal Dəniz Yolu (NSR) vasitəsilə Çin limanlarına Rusiya xam neft daşınmalarının son dövrlərdəki artımını yaxından izləyir. Bu, Pekin və Moskva arasında Arktika regionunda əməkdaşlığın artdığının əlamətidir. Belə ki, Rusiya Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin sanksiyaları ilə üzləşib .
“Heç kim orada münaqişə axtarmır. Biz bunu bacardığımız qədər yaxından izləyəcəyik” - deyə, Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çərşənbə axşamı Ağ Evdəki brifinqdə Amerikanın Səsinin sualına cavab verib.
Bu il Rusiya Barents dənizindən Berinq boğazına qədər uzanan NSR vasitəsilə Çinə təxminən onlarla neft tankeri göndərilib.
Nord Universitetinin Yüksək Şimal Logistika Mərkəzinin məlumatlarına görə, 2022-ci ilin sonunda bir sınaq səfəri istisna olmaqla, Arktika vasitəsilə Çinə neft tədarükü olmayıb. Arktika İnstitutunun yaradıcısı Malte Hampert bildirib ki, Qərbin iqtisadi sanksiyaları Rusiya xam neftinə tələbi azaldır və Çin isə onu almaq istəyir, Moskva Pekinə Arktika qapısını açır.
O, Amerikanın Səsinə deyib: “Əvvəllər Avropaya axın edən resurslar indi Asiyaya, xüsusən də Çinə yönəldilib.
Bu, Moskva üçün praqmatik seçimdir. NSR vasitəsilə göndərmə Süveyş kanalı ilə ənənəvi marşrutdan 30% daha sürətli və keçid üçün daha asandır. İqlim dəyişikliyi naviqasiya üçün daha az buz deməkdir.
Artan nəqliyyat xüsusən də Moskvanın Arktika üzərindən neft daşımaq üçün buz sinfinə aid olmayan tankerlərdən - gövdələri buzdan qorunmayan gəmilərdən istifadə etməyə başlayacağını elan etməsi ilə daha yüksək ekoloji risk daşıyır.
2022-ci ilin orta göstəriciləri ilə müqayisədə bu il Çinin Rusiyadan neft idxalı 23% artaraq gündəlik 400 min barelə çatıb.
Kirbi Pekini Rusiyanın işğalından sonra Qərb müttəfiqlərinin Rusiya neftinə tətbiq etdiyi 1 barel neftinn 60 dollarlıq qiymət həddinə riayət etməyə çağırıb.
Bununla belə, ticarət məlumatları göstərir ki, Rusiya xam nefti hazırda bir barel üçün təxminən 80 dollara satılır və ABŞ Maliyyə Naziri Janet Yellen keçən həftə qiymət həddinin effektivliyinin azala biləcəyini etiraf edib.
Qərb enerji şirkətləri, o cümlədən Shell və British Petroleum-un keçən il işğala görə Rusiyanı tərk etməsindən sonra Moskva Yamal LNG Terminalı və Arktikanı inkişaf etdirmək üçün digər infrastruktur planları kimi enerji layihələrinin maliyyə mənbəyi kimi daha çox Pekindən asılıdır.
Arktikanın sahil xətti olmayan, lakin 2018-ci ildə özünü “Arktikaya yaxın” güc elan edən Çin üçün Rusiya layihələrinə sərmayə qoymaq onun Arktikadakı rolunu genişləndirmək, gəmiçilik marşrutlarına və təbii ehtiyatlara çıxışı artırmaq və geosiyasi mövqeyini gücləndirmək məqsədinə çatmaq üçün yolunu asanlaşdıra bilər.
İndiyədək sahil xətti Şimal Buzlu Okean sahil xəttinin 53%-ni əhatə edən və qütb regionunda dominant rolunu müdafiə edən Moskva tərəfindən Çinin ambisiyalarının qarşısı alınırdı. Ancaq işğal səbəbindən iqtisadi təcridlə üzləşən Rusiyanın müqavimət günləri sona çata bilər.
Səkkiz ölkə - ABŞ, Rusiya, Kanada, Danimarka (Qrenlandiya vasitəsilə), İslandiya, Norveç, İsveç və Finlandiya Arktika ilə həmsərhəddir. Onların hamısı iqlim dəyişikliyi, daşıma marşrutları və yerli əhalinin hüquqları kimi ümumi problemləri həll etmək üçün əməkdaşlıq forumu olan Arktika Şurasına aiddir.
Şura Ukraynanı işğal etdikdən az sonra Moskva ilə fəaliyyətini dayandırıb.
Forum