Accessibility links

İsrailə hücum Azərbaycanda etirazla qarşılanıb


Azərbaycan Xarici Işlər Nazirliyi, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu, siyasi, ictimai xadimlər İsrailə qarşı genişmiqyaslı hücumlar ilə bağlı bəyanatlarla çıxış edib. Bu gün Azərbaycandan İsrailə bütün təyyarə reysləri təxirə salınıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-Fələstin münaqişəsi zonasında mülki vətəndaşlara qarşı zorakılığı pisləyir.

“Həm İsraildə, həm də Qəzza zolağında çoxlu sayda mülki vətəndaş arasında faciəvi həyat itkisinə görə başsağlığı veririk. Vəziyyətin təcili de-eskalasiyasına çağırırıq”, nazirliyin X (keçmiş Twitter) hesabında yayılan bəyanatında deyilir.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında bildirilir ki, işçi qrupu Qəzza sektorunun ərazisindən İsrailə qarşı baş vermiş, mülki obyektləri, yaşayış məntəqələrini və şəxsləri qəsdən hədəf alan raket zərbələri ilə müşayiət edilən hücumları qətiyyətlə pisləyir.

“Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu amansız hücumlarda həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyir.

Bu çətin zamanda İsrail xalqının yanındayıq”, bəyanatda deyilir.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov Amerikanın Səsinə bildirib ki, İsrailə qarşı baş vermiş hücumu pisləyir.

“Mülki insanların yaşadığı məntəqlərə, mülki obyektləri, mülki şəxsləri qəsdən hədəf alıb raket zərbələri endirirlər. Çoxsaylı mülki insanların ölümü və yaralanması ilə müşaiyət olunan hücumları qətiyyətlə pisləyirik. Bu çətin zamanda İsrail xalqının yanındayıq”, o, Amerikannın Səsinə deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, "Həmas"ın İsrailə qarşı başlatdığı irimiqyaslı hücumu elə ilk saatlardan ağır nəticələr verib və çoxsaylı insan təlafatına səbəb olub.

"Həmas"ın bu qəfil hücumu çoxsaylı insan təlafatına səbəb olub. Bu savaşın başlanması səhvdir, bölgə xalqlarına yalnız acı yaşadacaq və pislənilməlidir. Çox təəssüf ki, "Həmas"ın təşəbbüsü ilə başlayan bu hərbi əməliyyatlar həm İsraildə, həm də Fələstinin Qəzza bölgəsində dinc əhalinin çoxsaylı itkilərinə səbəb olacaq. Ümid edək ki, dünyanın və regionun böyük gücləri bu qanlı savaşın tezliklə bitməsinə çalışacaqlar”, Kərimli facebook səhifəsində yazıb.

Hüquqşünas Aslan İsmayıov bu gün İsrailə olan "xain hücumdan" çox üzüldüyünü bildirib.

“Əminəm ki, terrorla mübarizədə qalib tərəf onlar olacaq. İsrail dövlətinə qətiyyət və güc arzulayıram. Terrorun dini yoxdur və məhv edilməlidir!” o qeyd edib.

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) oktyabrın 8-nə planlaşdırılan Tel-Əvivin Ben Hurion hava limanına və əks istiqamətdə bütün uçuşları ləğv edib.

“Təl-Əviv istiqaməti üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər”, AZAL bildirir.

Hazırda aviaşirkət növbəti xəbərdarlığa qədər Təl-Əviv istiqaməti üzrə aviabiletlərin satışını dayandırıb.

Oktyabrın 7-də səhər Həmas təşkilatı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirib, hücumlara başlayıb. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər qurudan, havadan və sudan əraziyə daxil olublar.

“Biz müharibədəyik,” deyə İsail baş naziri Benyamin Netanyahu İsrail xalqına müraciətində bildirib. Bəyanat Həmas militantlarının Qəzza Zolağında hücuma başlamasından sonra verilib.

İsrail rəsmiləri baş verənlər nəticəsində azı 40 adamın həlak olduğunu, 800 adamın yaralandığını bildirir.

Netanyahu ehtiyatda olan hərbçiləri xidmətə çağıraraq Həmasın "indiyədək heç vaxt ödəmədiyi bədəl” ödəyəcəyini bəyan edib.

Forum

XS
SM
MD
LG