Accessibility links

İlham Əliyev: Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda görüşə gələ bilərlər


İlham Əliyev və İrakli Qaribaşvili (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev və İrakli Qaribaşvili (Mənbə: Prezident Administrasiyası)

Gürcüstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında bəyanatında bildirib ki, “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”.

Prezident Əliyev deyib ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyib.

“Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”, o qeyd edib.

Əliyev Azərbaycan və Ermənistan arasındakı son gərginliyə işarə edərək, iki ölkə arasında sülh sazişinin imzalanması üzərində fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.

"Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq”, o bildirib.

Prezident Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyətin yaranacağını bildirib.

"Cənubi Qafqazda hələ sülh tam bərqərar olmayıb. Bunun artıq vaxtı çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar", o bildirib.

Azərbaycan Prezidenti bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb.

“İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”, o qeyd edib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, ölkəsinin Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidi var.

“Gələcəyə baxışımız aydındır”, o qeyd edib.

Baş nazir hesab edir ki, iki ölkənin əməkdaşlığı uzunömürlü olacaq.

“Biz beynəlxalq məsələləri də müzakirə etdik. Hazırda vəziyyət gərgindir. Mən Prezident İlham Əliyevə bildirdim ki, Azərbaycanın hər zaman ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik. Bizim Azərbaycan və Ermənistanın sülh sazişini imzalayacağına böyük ümidimiz var. İnanırıq ki, bölgəmizdə sülh xalqlarımızın rifahına xidmət edəcək. Gürcüstan bu gün də bu məsələdə vasitəçilik etməyə, dostluq formatı təqdim etməyə hazırdır. Cənubi Qafqazın hər iki ölkəsi məsələlərini həll etməlidir”, o qeyd edib.

Bu arada Prezident Əliyev deyib ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar.

“Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi”, o qeyd edib.

Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən Prezident Əliyev qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”, Əliyev bəyan edib.

Gürcüstan Baş nazirinin və Azərbaycan Prezidentinin Gürcüstanda görüş təklifinə Ermənistan hələ cavab verməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində oktyabrın 5-i İspaniyanın Qranada şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüşün keçirilməsindən sonraya təsdüf edir. Görüşdə Azərbaycan prezidentinin iştirakı nəzərdə tutulsa da, İlham Əliyev bundan son anda imtina edib.

Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev imtinaya səbəb kimi Türkiyənin görüşdə iştirakına imkan verilməməsi, habelə Fransanın “qərəzli mövqe” tutmasını göstərib. Ancaq Hacıyev bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməməli olduğunu deyib.

Azərbaycan və Ermənistan liderləri ilə Brüsseldə keçirilən əvvəlki görüşlərdə irəliləyişə nail oluduqlarını qeyd edən Şarl Mişel, Aİ-nin normallaşma prosesində pozitiv rol oynamaqda, Cənubi Qafqazda sabitlik, firavanlıq və təhlükəsizlik səylərinə dəstək olmaqda qərarlı olduğunu bildirib.

Eyni zamanda, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın sülh danışıqlarına qayıtmalı olduğunu bildirib. ABŞ layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyilə ən yüksək səviyyədə qarşılıqlı fəaliyyətdə rol oynamaqda davam edəcəyini bəyan edib.

Forum

XS
SM
MD
LG