Accessibility links

İsrailin hava zərbələri nəticəsində Suriya aeroportlarına zərər dəyib


İsrail qüvvələri İsraillə HƏMAS militant qruplaşması arasında münaqişənin Yaxın Şərqdə daha geniş müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqların artması fonunda bazar günü gecə Qəzza zolağı, Suriya və Livan sərhədində hücumlar həyata keçirib.

HƏMAS bildirib ki, bu ayın əvvəlində HƏMAS-ın İsraildə təxminən 1400 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağına hava zərbələri nəticəsində bir gecədə ən azı 55 nəfər həlak olub.

Suriya dövlət xəbər agentliyi SANA İsrail raketlərinin paytaxt Dəməşqin və ölkənin şimalında Hələb şəhərinin hava limanlarını zərbələr endirdiyini və onların uçuş-enmə zolaqlarını zədələdiyini bildirib. Hücumlarda bir hava limanı işçisinin öldüyü, bir işçinin isə yaralandığı bildirilib. Uçuşlar Latakiya hava limanına köçürülüb.

Keçən il ərzində İsrail qüvvələri Dəməşq və Hələb hava limanlarına bir neçə dəfə zərbələr endirib. “The Times of Israel” qzəeti yazır ki, İsrailin İrandan Yaxın Şərqdəki etibarlı qüvvələrinə, əsasən də Livanda yerləşən Hizbullah qrupuna silah göndərilməsinin qarşısını almağa çalışdığı güman edilir.

Bu arada İsrail rəsmiləri bazar günü oktyabrın 22-də Livan sərhədi yaxınlığındakı 14 İsrail icmasının təxliyyə ediləcəyini açıqlayıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı ölümcül hücumundan sonra bu yerlər İranın dəstəklədiyi Hizbullah və fələstinli qruplarının raket və raket hücumlarına məruz qalıb.

İsrailin qırıcı təyyarələri şənbə günü, oktyabrın 21-də Livanda Hizbullah hədəflərinə hücum edib. Hizbullah bildirib ki, şənbə günü sərhəddə altı döyüşçüsü öldürülüb və bununla da son iki həftədə öldürülən döyüşçülərinin sayı 19-a çatıb.

İsrail ordusu sərhəddə əsgərlərindən birinin tank əleyhinə raket atəşi nəticəsində ağır yaralandığını bildirib.

Livan-İsrail sərhədində gedən döyüşlər 2006-cı ildə İsrail və Hizbullah arasında baş verən müharibədən bəri ən ciddi qarşıdurmadır.

İsrail həmçinin şənbə günü hərbi təyyarəsinin İordan çayının qərb sahilində HƏMAS və Fələstin İslami Cihad üzvlərinin məscidin altında “terror hücumu” planlaşdırdığı iqamətgahını vurduğunu bildirib.

Fələstin Administrasiyasının rəsmi xəbər agentliyi olan WAFA Cenin qaçqın düşərgəsindəki Əl-Ənsar məscidinin altında yerləşən obyektə hücum nəticəsində ən azı bir nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.

İsrailin hava hücumu Qəzzada yerləşən HƏMAS militantlarının oktyabrın 7-də İsraildə ölümcül hücumlarından sonra yəhudi sakinlər və fələstinlilər arasında zorakılığın kəskin artdığı işğal altında olan İordan çayının qərb sahilində son günlərdə ikinci hücumdur.

İsrail quruda müdaxilə üçün Qəzza zolağının ətrafına 300 minə yaxın hərbi qüvvə yerləşdirib.

Quruda müdaxilə planları ilə bağlı sualı cavablandıran İsrail kontr-admiralı Daniel Hagari oktyabrın 21-də jurnalistlərə deyib ki, İsrail müharibənin növbəti mərhələsinə hazırlaşmaq üçün Qəzzanın şimalına hücumlarını gücləndirəcək.

ABŞ müdafiə naziri Lloyd Austin və dövlət katibi Antoni Blinken bazar günü oktyabrın 22-də verdikləri müsahibələrdə Birləşmiş Ştatların Yaxın Şərqdə İsrail və HƏMAS arasında müharibənin genişlənməsi riski ilə bağlı narahatllıqlarını bildiriblər.

Forum

XS
SM
MD
LG