Accessibility links

Vəkil: Qubad İbadoğlunun səhhətində geri dönüşü olmayan problemlər ola bilər


Qubad İbadoğlu
Qubad İbadoğlu

Oktyabrın 26-da Nərimanov Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, professor Qubad İbadoğlunun girov müqabilində azadlığa buraxılması ilə bağlı vəkillərin şikayətinə baxılıb. Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova məlumat verib.

Vəkilin sözlərinə görə, Qubad İbadoğlunun səhhətində ciddi problemlər var və azadlığa buraxılmasa geri dönüşü olmayan problemlər ola bilər:

"Qubad müəllim II tip şəkər xəstəsidir. Həbs olunan zaman gün ərzində bir dərman qəbul edirdi, biz dəfələrlə şikayət verdik, lakin nəzərə alınmadı. Nəticədə avqustun 3-də həkim dedi ki, dərmanın dozasını artırmaq lazımdır. Son həftələrdə edilən müayinə nəticəsində məlum oldu ki, Qubad müəllimin şəkəri 360-ı keçir, həkim isə artıq insulin iynəsinin vurulmasını məsləhət görmüşdü. O da 12 dozalı insulin iynəsi vurmağa başladı".

Zibeydə Sadıqova bildirib ki, bu həftədən insulin iynəsinin dozası yenidən artırılıb.

"Artıq doza 18-ə qalxıb, lakin yenə də qandakı şəkərin miqdarı düşmür. Bu isə onun səhhətinə ciddi təsir edir, gözü zəifləyib, böyrəklərində problem var, müayinə nəticəsində məlum olub ki, su çatışmazlığı yaranıb. Gün ərzində çoxlu su içməlidir ki, o problemi aradan qaldıra bilsin, amma problem arada qalxsın deyə adam nə qədər su içməlidir ki? Şiddətli bel ağrıları var, ona fizioterapiya lazımdır, lakin kamerada bunu necə etmək olar? Hansı hərəkətləri etməlidir, bədənin hansı hissəsi masaj olunmalıdır, bununla bağlı o heç bir yoxlanışdan keçməyib, nə də heç bir məsləhət verilməyib. Bayaq məhkəmədə də dedi ki, belində ağrılar var"- deyə, vəkil qeyd edib.

Qubad İbadoğlunun 13 oktyabr tarixində müayinədən keçdiyini deyən Sadıqova professorun necə müalicə olunacağı ilə bağlı həkim məsləhətinin verilmədiyini bildirib:

"Biz məhkəmədən xahiş etdik ki, heç olmasa girov müqabilində azadlığa buraxılsın və onun müalicəsi ilə ailəsi məşğul olsun. Təəssüf ki, həmişəki kimi məhkəmə bizim vəsatətimizi təmin etmədi. Məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik".

Qubad İbadoğlunun oğlu, Rutgers Universitetinin tələbəsi Emin Bayramlı atasının tibbi durumunun ağır olduğunu deyir: “Atam hal-hazırda yataqdan qalxa bilmir, əlləri silkələnir, danışığında problemlər var. Məhkəməyə gətiriləndə ayağını çəkirdi. Səbəb atama dərmanlarının verilməməsidir”.

Emin Bayramlı: Atam hal-hazırda yataqdan qalxa bilmir
please wait

No media source currently available

0:00 0:02:09 0:00


İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG