Accessibility links

Rəsmi Bakı Makronun Azərbaycan-Ermənistan münasibətlərinə dair fikirlərinin əsassız olduğunu deyir


Emmanuel Makron, Fransa prezidenti
Emmanuel Makron, Fransa prezidenti

Rəsmi Bakı Fransa prezidenti Emmanuel Makronun ötən gün Avropa İttifaqı sammitində Azərbaycan-Ermənistan münasibətlərinə dair səsləndirdiyi fikirlərin əsassız və qərəzli olduğunu deyib, Fransanı Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 28-də yaydığı bəyanatda qeyd edib ki, “Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi gülünc və qəbuledilməzdir”.

Azərbaycan-Ermənistan münaqişəsinin həllində Fransanın heç vaxt uğurlu vasitəçilik səyləri aparmadığını qeyd edən rəsmi Bakı, bu səylərin Minsk qrupu ilə başa çatdığını vurğulayıb.

“Fransa inadkarcasına Afrika və digər regionlardakı uğursuzluqlarını bölgəmizə əvvəlcədən uğursuzluğa məhkum olmuş müdaxiləsi ilə kompensasiya etməyə çalışır. Fransa bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır”, bəyanatda qeyd edilir.

Avropalı liderlər 26-27 oktyabr tarixlərində baş tutan Aİ sammitində Azərbaycan-Ermənistan münaqişəsi ətrafında müzakirə apararaq iki ölkə arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında davamlı sülhün əldə edilməsinə dəstəklərini ifadə ediblər.

Sammitdən sonra mətbuata danışan Fransa prezidenti Emmanuel Makron iki ölkə arasında vasitəçilik səylərini davam etdirmək niyyətində olduqlarını, ancaq hazırkı vəziyyətin narahatlıq doğurduğunu və saylıqlıq tələb etdiyini qeyd edib. Makron Ermənistana, xüsusən də onun ərazi bütövlüyünə dair aydın və birmənalı dəstəyin vacib olduğunu qeyd edib.

“Prezident Əliyevin son bəyanatları və göndərilən siqnallar doğru istiqamətə uyğun gəlmir. Praqa bəyannaməsində tanındığı və təsdiqləndiyi kimi, biz 1991-ci ildəki sərhədlərə bütün tərəflər tərəfindən hörmət edilməsini təmin etmək üçün ayıq-sayıq olacağıq”, Makron əlavə edib

Son zamanlar Fransanın Ermənistana hərbi sahədə yardım edəcəyini elan etməsi, ötən həftə Ermənistan və Fransa müdafiə nazirlərinin Parisdə hərbi əməkdaşlığa dair sənədlər imzalaması rəsmi Bakı ilə Paris arasında vəziyyəti daha da gərginləşdirib.

Azərbaycan Fransanın “qərəzli mövqe”yini əsas göstərərək oktyabrın 5-i Qranada şəhərində Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı Şurasının liderlərinin iştirakı ilə keçirilməli olan beştərəfli görüşə qatılmaqdan imtina edib.

Ancaq Azərbaycan və Ermənistan ötən ilin oktyabrında Emmanuel Makron və Şarl Mişelin vasitəçiliyi ilə Praqada keçirilən görüşdə “Praqa bəyanatı”na imza atıblar ki, həmin bəyanatda ilk dəfə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanındığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın sonuna Brüsseldə görüş planlaşdırılsa da, bu görüş də baş tutmayıb. Şarl Mişel cümə günü Aİ sammitidən sonra qeyd edib ki, “Aİ normallaşma prosesinə geri dönülməsi üçün fəaliyyəti davam etdirmək əzmindədir”.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG