Accessibility links

Praqada Azərbaycan, Fransa, Ermənistan və Avropa İttifaqının liderləri görüşüb


İlham Əliyev, Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyan (Rəsmi foto)
İlham Əliyev, Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyan (Rəsmi foto)

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.

Görüşdən sonra Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib.

"Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq," o qeyd edib.

Dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən Azərbaycan Prezidenti deyib ki, görüş zamanı önəmli məsələlər müzakirə edilib.

“Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Biz razılaşdıq ki, şam yeməyindən sonra yenə də bir araya gələk. Hər halda, sülh prosesinə artıq təkan verildi,” Əliyev qeyd edib.

Prezident İlham Əliyev müsahibə zamanı (Rəsmi foto)
Prezident İlham Əliyev müsahibə zamanı (Rəsmi foto)

Prezident Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşünü xatırladıb və deyib ki, görüşlərin arası kəsilməməlidir.

“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir.”

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər “ təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək."

Ermənistan Baş nazirinin rəsmi saytında dərc edilən bəyanatda isə bildirilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq etməyi qəbul edib.

"Missiya işini oktyabr ayında maksimum iki ay müddətinə başlayacaq. Bu missiyanın məqsədi güvən yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir” deyə bəyanatda deyilir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Emmanuel Makronun twitter səhifəsi
Emmanuel Makronun twitter səhifəsi

Fransa Prezidenti Emmanuel Makron Twitter hesabında görüş barədə foto paylaşaraq “Qafqazda davamlı sülh üçün” sözlərini yazıb.

Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da görüş olub.

XS
SM
MD
LG