Accessibility links

İran və Azərbaycan regional məsələlər ətrafında fikir mübadiləsi aparıb


Hikmət Hacıyev və Seyid Abbas Musəvi (Mənbə: Iran səfirliyi)
Hikmət Hacıyev və Seyid Abbas Musəvi (Mənbə: Iran səfirliyi)

Oktyabrın 28-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüb.

Bu barədə İranın Azərbaycandakı səfirliyi teleqram kanalında məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivləri, habelə İsrail-Fələstin münaqişəsi, İslam ölkələri arasında qarşılıqlı əlaqələrin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfi görüşlə bağlı hələ məlumat yaymayıb.

İsrail-HƏMAS qarşıdurması ilə bağlı Azərbaycanla İranın mövqeləri arasında fərqlər mövcuddur. İranın İsrailin əleyhinə kəskin mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan münaqişənin dinc yolla, BMT qətnamələri əsasında nizamlanmasına tərəfdardır. Azərbaycan İsrail ilə ikitərəfli strateji, hərbi, hərbi texniki və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. Azərbaycan İsraildə səfirlik açan şiə çoxluğu olan ilk müsəlman ölkəsidir.

İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi oktyabrın 23-də Tehranda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə regional problemlərin region ölkələri arasında daha geniş qarşılıqlı fəaliyyət və əməkdaşlıq yolu ilə aradan qaldırılmasını vurğulayıb.

İranın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, İran prezidenti “sionist rejimin nə Azərbaycanın, nə də heç bir müsəlman ölkəsinin dostu olmayacağı ilə bağlı öncə Azərbaycan prezidentinə dediklərini” xatırladaraq bildirib: “Qəzzada bugünkü vəziyyət bütün region xalqlarına bir daha göstərir ki, başda Amerika olmaqla qərb dünyası sionistlərin cinayətlərini tam dəstəkləyərək, nəinki region ölkələrinin dostu deyil, həm də regionda yalnız öz irqçi maraqlarını güdürlər”.

Öz növbəsində, oktyabrın 23-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ Cənubi Qafqazın İran və Rusiya ilə bağlı incə coğrafi mövqeyini tanıyır, lakin “ABŞ bu ölkələri etibarlı tərəfdaş kimi görmür”.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşması üçün yeni variantlar axtarır”, təhlilçi qeyd edib.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG