ABŞ müdafiə rəsmilərinin bildirdiyinə görə, İraq və Suriyadakı ABŞ qüvvələri son günlər ərzində ən azı 24 dəfə, o cümlədən bazar ertəsi ən azı 3 hücuma məruz qalıb. Bu hücumlardan azı beşi cümə günü səhər saatlarında ABŞ qüvvələrinin Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyekti vurmasından sonra həyata keçirilib.
Müdafiə rəsmilərinin sözlərinə görə, cümə günü ABŞ-ın cavab zərbələri endirməsindən sonra həyata keçirilən hücumların heç biri insan tələfatı və ya dağıntılara səbəb olmayıb.
“Bazar ertəsi edilən son hücumda İraqın qərbindəki Əl-Əsəd Hərbi Hava Bazasını hədəf almaq üçün çoxlu raketlərdən istifadə edilib”, təhlükəsizlik həssaslığına görə adının açıqlanmasını istəməyən müdafiə rəsmisi Amerikanın Səsinə bildirib.
Suriyadakı Yaşıl Kənd və Fərat Missiyasına Dəstək Sahəsində qüvvələrə qarşı digər çoxlu raket hücumları həyata keçirilib. Bazar günü Suriyanın şimal-şərqində Əl-Şəddadi yaxınlığındakı bazada ABŞ qüvvələrinə qarşı bir istiqamətli hücum pilotsuz təyyarə, cümə axşamı isə İraqdakı Əl-Əsəd hava bazasındakı ABŞ və koalisiya qüvvələrini hədəf alan başqa bir pilotsuz uçuş aparatından istifadə edilib.
Pentaqonun mətbuat katibi, briqada generalı Pat Rayder və digər rəsmilər ABŞ qüvvələrinə hər gün edilən hücumlarda İranın dəstəklədiyi qüvvələri günahlandırıb.
Amerikanın Səsinin son hücumların ABŞ-ın çəkindirmə siyasətinin nəticə vermədiyinə işarə olub-olmaması ilə bağlı sualına yüksək rütbəli müdafiə rəsmisi belə cavab verib: “İranın uzun müddətdir məqsədi ABŞ ordusunu regiondan çıxarmağa məcbur etmək olub. Gördüyümüz odur ki, biz hələ də oradayıq”.
Müdafiə rəsmilərinin bildirdiyinə görə, bir Amerika F-15 və iki Amerika F-16 qırıcısı cümə günü Əbu Kamal yaxınlığındakı silah anbarı və sursat anbarına qarşı dəqiq döyüş sursatlarından istifadə edib. Pentaqon zərbələrin hədəflərinə uğurla dəydiyini bildirərək, hələ də itkilərin sayının araşdırıldığını bəyan edib.
Müdafiə naziri Lloyd Austin oktyabrda verdiyi açıqlamada "Bu dəqiq özünümüdafiə zərbələri, İranın dəstəklədiyi militant qruplar tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı oktyabrın 17-də başlayan bir sıra uğursuz hücumlara cavabdır" deyib.
“Birləşmiş Ştatlar bu kimi hücumlara dözməyəcək və özünü, şəxsi heyətini və maraqlarını müdafiə edəcək”, o əlavə edib.
Rəsmilər İranın dəstəklədiyi qrupların bölgədə "daha əhəmiyyətli eskalasiyası" perspektivi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Forum