Cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir. Yerli medianın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hökuməti narahat edən məsələlərdən biri inflyasiya ilə bağlıdır. Prezident İlham Əliyevin də bu istiqamətdə hökumətə xüsusi tapşırıqları olub.
“Gələn ildə isə inflyasiyanın cari nəticələrlə müqayisədə yarıbayarı olması gözlənilir. Təqribən söhbət 5,3 % inflyasiyadan gedir. Ona görə də bu istiqamətdə işlər gedir.”
Nazir qeyd edib ki, Azərbaycanda inflyasiyanı yaradan faktorlar da var, böyük hissəsi isə xarici faktorlar idi.
“İndi isə xarici bazarlarda dəyişikliklər baş verir. İdxal inflyasiyanın da enməsi nəticəsində bizdə bu proseslər sabitləşəcək. Dövlət tərəfindən də həmin təsirlərin, o cümlədən sosial sahədə yumşaldılması istiqamətində bir sıra addımlar atılıb. Bu gün təqdim etdiyimiz büdcədə əsasən sosial istiqamətdə əhaliyə ödənişlərin edilməsi nəzərdə tutulur,” Samir Şərifov deyib.
Azərbaycanın müstəqil iqtisadçıları hesab edir ki, ölkədə inflyasiyanı bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.
İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə bildirib ki, hazırda hökümətin inflyasiyanı cilovlaması ilə bağlı ata biləcəyi addımlar büdcədən daha çox vergi siyasəti ilə bağlı ola bilər.
“Məsələn ƏDV-dən azad edilmə, gömrük rüsumlarının bir müddət ən azı dayandırılması, bazarda rəqabət imkanlarının yaradılması ölkədə qiymətlərin səviyyəsinin normallaşdırılmasına daha çox təsir edə bilər”, o bildirib.
İqtisadçının sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.
Forum