Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş Luhansk vilayətində regional assambleyanın üzvü Mixail Filiponenko avtomobilinin partladılması nəticəsində həlak olub. Bu barədə onun
oğlu noyabrın 8-də bildirib. Hadisənin təfərrüatları haqda dərhal məlumat verilməyib.
Ukraynanın Baş Kəşfiyyat İdarəsi “müharibə cinayətkarının məhvi” kimi adlandırdığı hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
"Müqavimət hərəkatının nümayəndələri ilə birlikdə cəlladın məhv edilməsi üçün xüsusi əməliyyat keçirilib" deyən Direktorluq Telegram-da verdiyi açıqlamada "ovların davam etdiyini" və "bütün müharibə cinayətkarları və işbirlikçilərindən ədalətli qisas alınacaq" deyə bildirib.
Filiponenko Luhanskda Moskvanın dəstəklədiyi separatçı qoşunların keçmiş rəhbəri olub və Rusiyanın keçən il Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl bölgədəki atəşkəs monitorinq mərkəzində Luqansk separatçılarını təmsil edib.
Onun ötən il fevralın 21-də işğaldan üç gün əvvəl növbəti sui-qəsd cəhdindən sağ çıxdığı bildirilir.
Ukraynanın Donetsk və Luhansk bölgələrinin o vaxtkı Kreml tərəfindən dəstəklənən separatçı liderləri Rusiya prezidenti Vladimir Putindən iki rayonun Ukraynadan ayrılaraq müstəqilliyini tanımasını xahiş etmişdilər.
Moskva bu sənədlərdən Ukraynaya 2022-ci il fevralın 24-də başladığı əsassız işğalına haqq qazandırmaq üçün istifadə edib.
2010-cu ilə qədər Filiponenko Luqanskın Lenin rayonunda deputat olub və hazırda Ukraynada qadağan olunmuş Rusiyayönlü Regionlar Partiyasını təmsil edib.
2022-ci ilin sentyabrında Rusiya birtərəfli qaydada Ukraynanın Luhansk, Donetsk, Xerson və Zaporijjya vilayətlərinin ilhaqını elan etdikdən sonra Filiponenko Luhanskda Moskva tərəfindən qurulan regional parlamentdə Rusiyanın ultramillətçi Liberal Demokrat Partiyasının deputatlarının lideri olub.
Ukrayna hakimiyyəti Filiponenkoya qarşı təhqiqata başlayıb və onu Ukraynanın ərazi bütövlüyünü pozmaqda ittiham edərək axtarışa verib.
İşğalçı Rusiya hakimiyyəti ilə əməkdaşlıq edən bir neçə Ukrayna vətəndaşı son illərdə Rusiyanın nəzarətində olan ərazilərdə naməlum hücumçuların hədəfinə çevrilib. Onlardan bəziləri hücum nəticəsində öldürülüb.
Rusiya sui-qəsdlərin təşkilində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib. Rəsmi Kyiv məsələ ilə əlaqədar ya şərh vermir, ya da hücumlarda iştirakını inkar edir.
Forum