Accessibility links

Bayden HƏMAS-ın saxladığı girovların azad ediləcəyinə inandığını deyib, lakin vaxt göstərməyib


İnsanlar BMT-nin Qüdsdəki ofisi qarşısında toplaşaraq, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu zamanı oğurlanan girovları azad etməyə çağırırlar, 13 noyabr 2023-cü il.
İnsanlar BMT-nin Qüdsdəki ofisi qarşısında toplaşaraq, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu zamanı oğurlanan girovları azad etməyə çağırırlar, 13 noyabr 2023-cü il.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Qəzza zolağında HƏMAS militantları tərəfindən saxlanılan girovların azad ediləcəyinə inandığını deyib, lakin konkret müddət açıqlamayıb.

“Mən hər gün bu işdə iştirak edən insanlarla danışıram. Mən bunun baş verəcəyinə inanıram, amma təfərrüatlara varmaq istəmirəm,” Bayden Ağ Evdə jurnalistlərə deyib.

ABŞ prezidenti Birləşmiş Ştatların terror qruplaşması kimi tanıdığı HƏMAS tərəfindən saxlanılan təxminən 240 girova mesaj göndərib: “Gözləyin. Biz gəlirik.”

ABŞ rəsmiləri son günlərdə İsrail, Qətər və Misir rəsmiləri ilə girovların azad edilməsi üçün çalışdıqlarını bildiriblər. HƏMAS oktyabrın 7-də yəhudi dövlətinə qarşı hücum zamanı ələ keçirilən girovların indiyə qədər yalnız dördünü azad edib.

Birləşmiş Ştatlar bildirir ki, girovlar arasında doqquz amerikalı və ABŞ-da işləmək hüququ olan bir xarici vətəndaş var.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Air Force One təyyarəsində jurnalistlərə bildirib ki, HƏMAS və Fələstin İslami Cihad qrupunun üzvləri Əl Şifa xəstəxanasında komanda-nəzarət mərkəzini idarə edir və onların hərbi əməliyyatlarına dəstək vermək və girovları saxlamaq üçün xəstəxənanın altındakı tunellərdən istifadə edirlər.

Onun sözlərinə görə, militantlar orada silah saxlayır və İsrailin bu obyektə qarşı hərbi əməliyyatına cavab verməyə hazırdırlar.

“Aydın olaraq deyirəm ki, biz xəstəxanaya hava hücumunu dəstəkləmirik və günahsız insanların, köməksiz insanların, xəstələrin layiq olduqları tibbi yardımı almağa çalışdığı xəstəxanada atışma görmək istəmirik. Çarpaz atəşə tutulmamaq üçün” deyən Kirbi əlavə edib ki, HƏMAS-ın hərəkətləri “İsrailin Qəzza zolağında mülki insanları qorumaq kimi məsuliyyətini azaltmır”.

Bundan öncə prezident Bayden İsrail qüvvələrinin HƏMAS-ın tibbi müəssisələrdən sığınacaq kimi istifadə etdiyini iddia edərək, Fələstin anklavında tibbi müəssisələri hədəf almağa davam etməsi fonunda Qəzzadakı xəstəxanaların “qorunması lazım olduğunu” bildirib.

Prezident Bayden bir neçə gündür İsrail qüvvələri tərəfindən mühasirədə olan Qəzza şəhərinin əsas tibb mərkəzi olan Əl Şifa xəstəxanasında böhranın pisləşməsi ilə bağlı xəbərlərə reaksiya verib. Əl Şifadakı xidmətlər yanacaq, qida və su çatışmazlığı səbəbindən dayandırılıb.

Həftə sonu minlərlə çarəsiz xəstə Əl Şifa xəstəxanasını tərk edib və hazırda orada cəmi 650 xəstə və döyüşlərdən sığınacaq axtaran minlərlə fələstinli qalıb.

Fələstin səhiyyə nazirliyi bazar ertəsi bildirib ki, mühasirə başlayandan bəri Əl Şifada 32 xəstə, o cümlədən üç körpə elektrik enerjisinin olmaması səbəbindən həyatını itirib.

Təchizatı tükənən həkimlərin müharibədə yaralanan xəstələr, o cümlədən uşaqlara narkozsuz əməliyyat keçirdikləri bildirilir. Bir tibb işçisi isə vaxtından əvvəl doğulmuş doqquz körpənin bir beşikdə olduğunu göstərən fotoşəkil paylaşıb.

İsrail ordusu çərşənbə axşamı bildirib ki, vaxtından əvvəl doğulan körpələri isitmək üçün istifadə edilən inkubatorları İsraildən Əl-Şifa xəstəxanasına göndərir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus tibb mərkəzinin "artıq xəstəxana kimi fəaliyyət göstərmədiyini" və Qəzzanın ən böyük xəstəxanasındakı vəziyyətin "qorxulu və təhlükəli" olduğunu bildirib. O həmçinin xəstəxananın ətrafında "daim atəş və bombardmanların onsuz da kritik olan vəziyyəti daha da ağırlaşdırdığını" əlavə edib.

Qəzzanın başqa bir xəstəxanası olan Əl Qüds yanacağı bitdiyi üçün bazar günü fəaliyyətini dayandırıb.

İsrail bildirir ki, ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS xəstəxanada mülki vətəndaşlar arasında sığınacağa və tibb məntəqəsində və onun altında komanda mərkəzinə malikdir.

Lakin İsrail bundan əvvəl militantların yaşayış məhəllələrində fəaliyyət göstərdiyini, məktəb və məscidlərin yaxınlığında raket və silah yerləşdirdiyini əks etdirən görüntüləri paylaşsa da, Əl Şifada HƏMAS militantları ilə bağlı iddialarını dəstəkləmək üçün foto və ya video təqdim etməyib.

Həm HƏMAS, həm də xəstəxana işçiləri İsrailin iddialarını rədd edirlər.

"Mən ümid edirəm və gözləntim budur ki, xəstəxanalara nisbətən daha az müdaxilə ediləcək" - deyə, Prezident Bayden Oval Ofisdəki tədbir zamanı jurnalistlərə bildirib.

Qəzzadakı Fələstin rəsmiləri İsrailin HƏMAS-ın oktyabrın 7- də İsrailin cənubuna 1200 nəfərin ölümü ilə nəticələnən hücumuna cavab olaraq, havadan və quruda hərbi əməliyyatlara başlamasından sonra onların təxminən 40 faizi uşaqlar olmaqla, 11 mindən çox insanın öldürüldüyünü bildirir. HƏMAS-ın hücumu zamanı 240-dan çox insan qaçırılıb və hazırda qrup tərəfindən girov saxlanılır.

Forum

XS
SM
MD
LG