Fələstin səhiyyə orqanlarının məlumatına görə, Qəzzanın Şifa xəstəxanasından ən azı 31 vaxtından əvvəl doğulmuş körpə təxliyə edilib. Körpələr Misirdəki tibb müəssisələrinə köçürüləcək.
"Bu gün Fələstin Qızıl Aypara Cəmiyyəti təcili tibbi yardım qrupları, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) tərəfindən koordinasiya edilərək, vaxtından əvvəl 31 körpə xəstəxanadan uğurla təxliyə edilib", Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial media platormasında (keçmiş Twitter) bildirib.
İsrail qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyatları çərçivəsində keçən həftə xəstəxanaya reyd etmişdi. Ümumdünya Səhiyyə Təşkilatının bir qrupu şənbə günü Şifaya səfər edərək, baxılmağa ehtiyacı olan 32 körpənin olduğunu bildirib. Xəstəxanada bir saat keçirən komanda "bir vaxtlar Qəzzada ən böyük, ən qabaqcıl və ən yaxşı təchiz olunmuş xəstəxana"nın indi "ölüm zonası" olduğunu bildirib.
Bu arada, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bildirdiyinə görə, şənbə günü İsrailin Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsindəki bir məktəbə hücumu nəticəsində onlarla mülki köçkün həlak olub və ya yaralanıb.
İsrail ordusu Şifa xəstəxanasında binanın altında yerləşdiyi iddia edilən Həmas komandanlıq mərkəzinin izlərini axtarır. HƏMAS və xəstəxana işçiləri bu iddianı rədd edir.
Artıq yeddi həftədir davam edən müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubunda 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra başlayıb. Militant qrup təxminən 240 nəfəri qaçırıb.
HƏMAS-ın idarə etdiyi səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzzada davam edən cavab zərbələri nəticəsində indiyədək 11 400-dən çox fələstinli ölüb ki, onlardan üçdə ikisi qadın və uşaqdır. Əlavə 2700 nəfərin itkin düşdüyü bildirilir və onların dağıntılar altında qaldıqlarına inanılır.
Forum