Accessibility links

Məhbus fəalların azadlığa buraxılması üçün Ərdəbil şəhərində plakatlar paylanılıb


Ərdəbildə quraşdırılan plakatlar
Ərdəbildə quraşdırılan plakatlar

İran Azərbaycanının Ərdəbil şəhərində azərbaycanlı siyasi məhbusların dərhal azad edilməsi mövzusunda şüarların yer aldığı plakatlar quraşdırılıb. Bu plakatlarda İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən fəalların şəkilləri yer alıb.

Ərdəbildəki milli fəalların bu aksiyası Azərbaycanın siyasi məhbusları haqqında maarifləndirmək və sadə insanları məlumatlandırmaq məqsədi ilə həyata keçirilib.

Şəhərin küçələrində quraşdırılan bu plakatlarda fars dilində "Heç bir işgəncənin ağrısı o qədər şiddətli, heç bir həbsxananın divarı o qədər qalın ve hündür deyil ki, Azərbaycan övladlarının səsini susdura bilsin" yazısı dərc edilib.

Həmin plakatlarda eləcə də, Azərbaycan türkcəsində "Qurtuluş yolumuz azadlıq, ədalət, milli hökumət" və "Azərbaycan milli fəalların azadlıq" şüarları qeyd edildiyi müşahidə olunur.

İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan milli fəalların vəziyyəti ilə bağlı məlumat vermək üçün şəhərlərdə Azərbaycanın siyasi məhbuslarının plakatlarını quraşdırırlar.

Sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi, Mehrdad Qadiri və Seyid Məhəmmədrza Müvəhhid təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Yürüş Mehrəlibəyli noyabrın 7-də axşam saatlarında Culfa şəhərində İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs ediləndən sonra Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.

Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindən olan güneyli fəal Hamid Yeganəpur noyabrın 7-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.

Sentyabr ayında Təbrizdə həbs edilən fəallar 2 aydan artıqdır ki, Təbriz Kəşfiyyat İdarəsində müxtəlif təzyiqlərə məruz qalaraq dindirilir və bu müddət ərzində onların həbs müddəti dəfələrlə məhkəmə orqanları tərəfindən uzadılıb. Onlar bu uzun müddətdə qanuni hüquqlarından məhrum edilib və ailələri ilə görüşmək və ya telefon əlaqəsi saxlama habelə vəkillə təmin edilmə hüququndan məhrum ediliblər.

Forum

XS
SM
MD
LG