Accessibility links

ABŞ səfirliyi: Birləşmiş Ştatlar və Azərbaycan geniş spektrli məsələlərdə şəffaf şəkildə birgə işləyir


ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan rəsmisinin ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri barədə tənqidi mesajı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.

“1992-ci ildə ölkələrimiz diplomatik əlaqələr qurandan bəri Birləşmiş Ştatlar və Azərbaycan qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərdə şəffaf şəkildə birgə işləyirlər. Bu, insanlar arasında əlaqələri gücləndirmək üçün birlikdə gördüyümüz işi əhatə edir”, səfirliyin cavabında deyilir.

Xatırladaq ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X platformasında ABŞ Beynəlxalq İnkişaf Agentliyini və agentliyin rəhbəri Samanta Paueri tənqid edib. O, Paueri və onun təmsil etdiyi dövləti Ermənistanın tərəfini saxlamaqda günahlandırıb.

Pauer çərşənbə axşamı X platformasında paylaşdığı videoda Azərbaycanın iki ay öncə başlatdığı hərbi əməliyyat nəticəsində 100,000 erməninin Qarabağı tərk etdiklərini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan edib.

ABŞ-ın köçkünlərə əlavə $4 milyon məbləğində humanitar yardım ayırdığını elan edən Samanta Pauer həmin köçkünləri qəbul etdiyi və onlara yardım göstərdiyi üçün Ermənistan hökumətinə minnətdarlığını bildirib.

Pauerə ünvanladığı mesajda Hikmət Hacıyev Birləşmiş Ştatların 30 il müddətində Azərbaycanın torpaqlarını işğalda saxlamış və bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoymuş dövlətlə çiyin-çiyinə durduğunu qeyd edib.

Hacıyev USAID rəhbərini vaxtikən oliqarx və pulyuma əməliyyatlarında adı hallanan Ruben Vardanyanla əməkdaşlıqda ittiham edib. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”-nın dövlət naziri vəzifəsində çalışmış Vardanyan sentyabr ayında Azərbaycan hakimiyyət orqanları tərəfindən həbs olunub.

“Maskalar yırtılıb! USAID-nın Azərbaycanda fəaliyyətinə daha yer yoxdur,” Hacıyev bəyan edib.

Azərbaycan yüksək rütbəli rəsmisinin ABŞ rəsmisinin ünvanına səsləndirdiyi fikirlər ABŞ və Azərbaycan arasında siyasi münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Forum

XS
SM
MD
LG