Accessibility links

Avropa məhkəməsi Azərbaycanla bağlı 10 yekun qərarını elan edəcək


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 30-da Azərbaycandan göndərilən 15-dən artıq ərizə ilə bağlı 10 yekun qərarını elan edəcək.

Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Azərbaycana qarşı məhkəmə işi müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qeydə alınmış təsis sənədlərində edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmasından imtina olunması ilə bağlıdır.

Hüquqşünas bildirib ki, işin hallarına görə 2015-ci ilin fevralında partiyanın sədri Kərimli partiyanın sədr müavini Nurullayevi tutduğu vəzifədən azad edib. Elə həmin ay Nurullayev partiya üzvlüyündən istefa verdiyini elan edib.

“2015-ci ilin sentyabrında partiyanın qurultayı partiyanı təmsil etmək səlahiyyətinə malik olan Kərimlini yenidən sədr seçib və əsas rəhbər orqanların üzvlərini təsdiqləyib. Ərizəçi tərəf həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik qeydiyyat sənədlərini geri qaytarıb, qeyd edib ki, ona eyni məzmunlu başqa bir müraciət daxil olub. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında partiyanın başqa bir qurultayı keçirilib, (“etimad qurultayı” adlandırılan) cənab Nurullayev partiya sədri seçilib, rəhbər orqanlar formalaşdırılıb.

Ərizəçi tərəf Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, tələb edib ki, məhkəmələr, Ədliyyə Nazirliyinin üzərinə 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişiklikləri qeydə almaq vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmələr həmin şikayəti təmin etməyib”, Xalid Ağaliyev deyib.

Ərizəçi, AİHM qarşısında iddia edib ki, ona münasibətdə 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci( hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrilə birlikdə götürülməklə, Konvensiyanın 11-ci (toplaşmaq və birləşmək azadlığı hüququ) maddəsinin pozuntusunu mübahisələndirib.

Əli İnsanovun Azərbaycana qarşı məhkəmə işin isə ərizəçiyə qarşı cinayət işinin başlanmasına və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə aiddir.

Xalid Ağalıyev bildirib ki, ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. Hadisələrin baş verdiyi vaxt o, bir neçə cinayətə görə məhkum edilmişdi, həbsxanada cəza çəkirdi.

“Ərizəçinin cəza müddəti 20 oktyabr 2016-cı il tarixdə başa çatacaqdı. 24 avqust 2016-cı il tarixdə ərizəçi qanunsuz olaraq narkotik vasitələr, o cümlədən psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanmasında, cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərməkdə ittiham olunub. Qaradağ Rayon Məhkəməsi 24 avqust 2016-cı il tarixli qərarı ilə ərizəçinin 20 oktyabr 2016-cı il tarixinədək cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülməsinə qərar verib. 11 oktyabr 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi ərizəçinin məhkəmə baxışına qədər, 11 yanvar 2017-ci il tarixinədək həbsdə saxlanılmasına qərar verib. Sonradan ərizəçinin həbs müddəti daha iki ay uzadılıb. Apellyasiya instansiyası həmin qərarlardan verilmiş şikayətləri rədd edib” o bildirib.

Onun sözlərinə görə, Konvensiyanın 5-ci (azadlıq və təhlükəsizlik hüququ) maddəsinə əsaslanan ərizəçi AİHM qarşısında iddia edib ki, onun cinayət törətdiyinə dair əsaslı şübhələr olmayıb, ona qarşı ittihamlar uydurma olub, barəsindəki həbs-qətimkan tədbirinin davam etdirilməsi üçün yetərli və uyğun səbəblər mövcud olmayıb.

Ağaliyev qeyd edir ki, Abgül Süleymanov Azərbaycana qarşı məhkəmə işi isə, müsəlman dini lideri olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır.

Belə ki, ərizəçi həmçinin, dini etiqad azadlığı, ifadə azadlığı, toplaşmaq azadlığı hüququnun Konvensiyanın 18-ci maddəsinə zidd olaraq pozulduğunu iddia edir.

Ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə ittiham olunaraq, on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 20 noyabr 2014-cü ildə Ali Məhkəmə onun barəsindəki müvafiq hökmü qüvvədə saxlayıb.

Onun sözlərinə görə, Mehmet Çelik və Faiq Semih Başoğlu Azərbaycana qarşı məhkəmə işi Türkiyə vətəndaşları olan ərizəçilərin saxlanılması və məcburi qaydada Türkiyəyə aparılmaları ilə bağlıdır.

Ərizəçilər iddia edirlər ki, onların saxlanılmaları və Türkiyəyə aparılmaları Konvensiyanın 3-cü və 5-ci maddələrinə zidd olub, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan qaydada effektiv müdafiə imkanlarına malik olmayıblar.

Hüquqşünas qeyd edib ki, Nazim Məmmədov Azərbaycana qarşı işdə isə ərizəçi Nazim Məmmədov 1954-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Göygöl rayonunda yaşayır.

Məhkəmədə onu Bakıda fəaliyyət göstərən vəkil H.Həsənov təmsil edib. Məhkəmə işi ərizəçinin alqı-satqı yolu ilə əldə etdiyi, müvafiq mülkiyyət şəhadətnaməsi olan torpaq sahəsinin əlindən alınması ilə bağlıdır. Ərizəçi mülkiyyət hüququna müdaxilənin dayandırılması, dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə daxili məhkəmələrə şikayət etsə də şikayətləri uğursuz olub.

Ərizəçi AİHM-də mülkiyyət hüququnun pozulduğunu iddia edir.

Bundan əlavə, Xalid Ağaliyev deyib ki, AİHM qeyd edilənlərdən başqa Azərbaycanla bağlı daha 5 qərar elan edəcək. Həmin işlərin detalları haqqında məhkəmənin sənədlər bazasında məlumat verilmir.

Forum

XS
SM
MD
LG