Ərəb dövlətləri və Avropa İttifaqı rəsmiləri İspaniyanın Barselona şəhərində keçirilən görüşdə Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə mümkün olduğunda razılaşıb. Onlar bildiriblər ki, Qəzzanı HƏMAS deyil, Fələstin Muxtariyyəti idarə etməlidir.
Avropa İttifaqının xarici işlər üzrə komissarı Josep Borrell Barselonada keçirilən görüş zamanı bildirib ki, bütün Aİ üzvləri və demək olar ki, iştirak edən hər kəs iki dövlətli həllin zəruriliyi mövzusunda həmfikirdir.
“Fələstin Administrasiyası seçkilər keçirməli və idarəçiliyini təkmilləşdirməlidir, lakin bu, güc boşluğundan qaçmaq üçün Qəzzanın gələcək rəhbərliyi üçün yeganə həyati həll yoludur” - deyə, Borrell bildirib.
İordaniyanın xarici işlər naziri Ayman Safadi deyib ki, Fələstin xalqı onları kimin idarə edəcəyinə qərar verməlidir və münaqişədən sonra Qəzzanın idarə olunması ilə bağlı hər bir söhbət bir qurum olaraq İordan çayının qərb sahili və Qəzzaya yönəlməlidir.
İki dövlətli həll İsraillə yanaşı İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilər üçün dövlət yaradılmasını nəzərdə tutur.
Fələstin Xarici İşlər Naziri Riyad əl-Maliki 2007-ci ildə HƏMAS ilə güc mübarizəsində Qəzza zolağında nəzarəti itirən Fələstin Rəhbərliyinin Qəzzaya qayıtmağa ehtiyacı olmadığını bildirərək, "hər zaman orada olmuşuq. Orada 60 min işçimiz var” deyib.
Üç rəsmi şəxs Avropa, Şimali Afrika və Yaxın Şərq ölkələrindən ibarət 43 üzvdən ibarət Aralıq dənizi İttifaqının iclasının yekununda çıxış edib. İsrail sammitdə iştirak etməyib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının bir qrup nazirlərinin nümayəndəsi kimi çıxış edib.
Qəzzaya daha çox humanitar yardımın göndərilməsi üçün İsrail və HƏMAS arasında ilkin dörd günlük atəşkəs 48 saat uzadılıb. Bu, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu, 1200 nəfərin ölümü və 240-a yaxın insanı girov götürməsindən yeddi həftə sonra ilk sakitlikdir.
Bu hücuma cavab olaraq İsrail anklavı bombalayıb və şimalda quruda hücum keçirib.
Qəzzanın səhiyyə orqanlarının bildirdiyinə görə, təxminən 14 800 fələstinli öldürülüb, yüz minlərlə fələstinli isə didərgin düşüb.
Forum