Accessibility links

İranda Astara şəhərinin Ərdəbil vilayətinə ilhaqını tələb edən vətəndaş həbs edilib


Astaranın Ərdəbil vilayətinə ilhaqı tələbi (Karzar saytından ekran görüntüsü)
Astaranın Ərdəbil vilayətinə ilhaqı tələbi (Karzar saytından ekran görüntüsü)

İran polisi hazırda İranın Gilan vilayətinin tərkibində olan Astara şəhərinin Ərdəbil vilayətinə ilhaq edilməsi tələbi ilə təşkil olunan onlayn kampaniyalar ilə əlaqədar bir vətəndaşı həbs etdiyini bildirib.

22 yaşlı gəncin həbsi ilə bağlı açıqlama farsdilli onlayn petisiya platforması olan Karzar saytında bir imzatoplama kampaniyasının başlamasından təxminən üç həftə sonra verilib.

Rəsmi IRIB News agentliyi bu barədə Astara polis komandiri polkovnik Abduləli Şabaninin açıqlamalarını yayıb.

Şabani adını açıqlamadığı vətəndaşın 22 yaşında olduğunu və internetdə Astaranın Ərdəbilə ilhaq edilməsi tələbinə dair yazılar paylaşdığı üçün saxlanıldığını bildirib.

“Kiber-polis ekspertlərimiz internet üzərində yürütdükləri monitorinq zamanı Astaranın Ərdəbil vilayətinə ilhaqı tələbilə ilə bağlı yazılar paylaşaraq ictimai rəydə təşviş yaradan bir şəxsin saytına rast gəliblər. Məmurlarımız məsələni təqib edib və müttəhimin Sövməə-Sara şəhərində gizləndiyini aşkar edərək, onu məhkəmə qurumu ilə koordinasiyalı şəkildə nəzarət altına alıblar. 22 yaşında olan müttəhim haqqında məhkəmə işi açılaraq həbsxanaya göndərilib,” Astara polis komandiri açıqlayıb.

“Astaranın Ərdəbil vilayətinə ilhaqı tələbi” başlığı altında təxminən üç həftə əvvəl “Kaarzar” saytında dərc edilən və indiyədək 10,000-dən artıq şəxsin imzaladığı petisiya İranın Daxili İşlər Naziri və Astara millət vəkilinə ünvanlanıb.

Petisiyada yazılıb ki, “biz rəsmilərdən xahiş edirik ki, Astaranın Gilan vilayətinin mərkəzi Rəştdən uzaqlığını nəzərə alaraq, vilayət mərkəzinə olan məsafəni azaltmaqla yanaşı, şəhərimizi abadlaşdırmaq və inkişaf etdirmək üçün Astaranı dost və qardaş Ərdəbil vilayətinə ilhaq etsinlər.”

Forum

XS
SM
MD
LG